Gedənə qədər heç vaxt diqqətimi cəlb etməyən gedəndən sonra isə əslində bu şəhərə haqsızlıq etdiyimi anladığım və özünəməxsus gözəlliyi olan Budapeştdən danışacağıq. Geri qayıdandan sonra orada çəkdiyim fotolara baxanda bu şəhərin əzəmətini daha yaxşı anlayıram. Açıq hava muzeyini xatırladan, gözəlliyinə tamaşa etdikcə insana xoşbəxtlik hissi verən Budapeşt Orta Avropanın Berlindən sonrakı ikinci böyük paytaxt şəhəridir. Dunay çayı Budapeşti “Buda” və “Peşt” hissələrinə bölür. Buda başdan-ayağa tarixi, əzəmətli tikililəri ilə orta əsrlər dövrünün şəhərlərini xatırladır.
Tarixin hər dönəmindən qalma möhtəşəm abidələr bu günümüzə qədər qorunub saxlanılıb. Müasir tikililər bu bölgədə çox azdır. Peştin isə müasir Avropa şəhərlərindən demək olar ki, fərqi yoxdur.
Dənizə çıxışı olmayan ölkənin bu paytaxt şəhərində diqqətimi ilk olaraq hər tərəfin parklar və yaşıllıqla dolu olmağı cəlb etdi. Buranın iqlimi də olduqca təmizdir. Hər şey o qədər təbii idi ki, Budapeştdə olduğum vaxt ərzində özümü şəhərdə yox, təbiətin qoynunda hiss edirdim. Burada Bakıda hər addımda rast gəldiyim süni yaşıllıq və dekorativ güllərdən əsər-əlamət yox idi.
Budapeştin gəzməli-görməli yerləri
Foto həvəskarları şəhərlə tanışlığa “Qellert təpəsi”dən (Gellert-hegy) başlamalıdır. Buradan bütün şəhəri rahatlıqla görmək və panoramik çəkilişlər etmək çox uyğundur. Bu təpə başdan ayağa yaşıllıqların arasında yerləşir. Rəvayətə görə, Təpə venesiyalı xristian missioner Qellertin adını daşıyır. Macarlara xristianlığı öyrətməyə gələn Qellerti iynə ilə dolu olan çəlləyin içinə qoyub, təpədən Dunay çayına doğru atıblar. Ona görə də macarlar Qellertə mənəvi borclarını bu təpənin ortasında ona heykəl ucaltmaqla ödəyiblər. Abidənin aşağı hissəsindən axan şəlalə isə insana dinclik verir. Təpənin ən uca nöqtəsində, Budapeştin 1945-ci ildə rus ordusu tərəfindən xilas olunmasının xatirəsinə ucaldılmış, Dunay çayı boyunca az qala hər yerdən görünən nəhəng Azadlıq Abidəsi var.
Budapeştin mərkəzi yerlərindən biri “Qəhrəmanlar Meydanı"dır(Hösök Tere).
“Qəhrəmanlar meydanı”nda Macarıstanın qurulmasında əvəzedilməz rolu olan, Uraldan gələn 7 qəbilə başçısının abidəsini görmək olar. Şəhərə gələn bütün turistlər mütləq bu meydana baş çəkir və bu mənzərəni kameralarının yaddaşına köçürürlər. “Qəhrəmanlar meydanı” 1896-ci ildə Macarıstan dövlətinin birinci ilinin şərəfinə inşa edilməyə başlanıb və1929-cu ildə tamamlanıb. “Qəhrəmanlar meydanı” bir-birindən maraqlı fotolar çəkmək üçün çox maraqlı məkandır. “Qəhrəmanlar meydanı”na qədər gedib çıxmısınızsa, onda bu meydanın ətrafında yerləşən İncəsənət muzeyi ( Szepmuveszeti Muzeum) , Zoopark, “Vajdahunyad” Qəsri (Castello Vajdahunyad) və Macarıstan Dövlət Opera Evinə (Magyar Allami Operahaz) baş çəkmədən geri qayıtmayın. Burada bir neçə məqamı vurğulamaq istəyirəm. İncəsənət muzeyi macar əsilli ata və oğulun birgə layihəsidir. Muzeydə antik Yunanıstan, Misir, Roma incəsənət nümunələrindən tutmuş, alman, holland, italyan, ispan, fransız vəingilis rəssamların həmin dövrlərə aid əsərlərindən ibarət çox böyük bir kolleksiyaya var. Macarıstan Dövlət Opera Evinin də çox maraqlı arxitekturası var. Operaya hər gün nahardan sonra getmək mümkündür. Paris Operası və Milandakı “La Scala”dan sonra akustika baxımdan Avropanın ən yaxşı üçüncü operası sayılan Macarıstan Dövlət Operasında dünya şöhrətli əsərləri izləyə bilərsiniz. “Vajdahunyad” Qəsrinə isə heyran qalmamaq mümkün deyil. Qalaya yaxınlaşdıqca insan özünü nağıllar aləmində hiss edir. Qoruğa və Qəsrin həyətinə daxil olmaq üçün heç bir ödəniş tələb olunmur. İçərisində ördək və qağayıların olduğu göl sizi düz Qəsrin həyətinə aparacaq. Qalanın içi Əkinçilik muzeyi kimi fəaliyyət göstərir. Həyətindəki mağazalardan isə dost-tanışlarınıza sərfəli qiymətə ölkənin tarixi, mədəniyyəti və incəsənətinə aid müxtəlif çeşidli hədiyyələr ala bilərsiniz. Macarıstanın milli zooparkı isə dünyanın ən gözəl zooparklarından biri hesab olnur.
Şəhərin ən maraqlı məkanlardan biri isə “Balıqçılar abidəsi”nin (Halaszbastya etterem) yerləşdiyi “Balıqçılar meydanı”dır. Bu abidə 1895-ci ildə inşa edilib. Abidə Meydanın mərkəzində ucalan Matyaş Kilsəsinin qarşısında yerləşir və kilsə ilə türbənin arasında xristianlığı Macarıstanın dini kimi qəbul edən Əziz İstvanın ( Aziz István) at belində heykəli var. Kilsənin qərb hissəsində isə 18-ci əsrdə şəhərdə geniş yayılan vəba epidemiyasından xilas olmağın şərəfinə heykəl ucaldılıb. Matyaş Kilsəsinin Orta əsrlərə aid olduğu deyilir. Burada maraqlı məqam isə odur ki, osmanlılar Sultan Süleyman Qanuninin rəhbərliyi ilə 1541-ci ildə Budapeşti fəth etdikdən sonra bu kilsəni məscid kimi istifadə etməyə başlayıblar. “Balıqçıların abidəsi” qədim macar qəbilələrini təmsil etsə də tarixi abidənin yanına dünyanın ən bahalı otellərindən olan “Hilton”un da gəlib çıxmağı bir o qədər də ürəkaçan görünmür.
Bu şəhərdə itmək olmur
Hansısa şəhəri kəşf etməyin ən yaxşı yolu gəzməkdir. Həmin şəhəri kəşf etməyin ən pis tərəfi isə orada itməkdir. Budapeştdə isə Dunay çayı və onun üzərindəki körpülər demək olar ki, şəhərdə itməyə imkan vermir. Ona görə dəburada piyada rahatlıqla gəzmək olar. Zərurət yaranmadıqca nəqliyyat vasitəsindən istifadə etmək məsləhət deyil, gəzinti üçün qaldığınız oteldən bir xəritə götürməyiniz kifayətdir. Yeri gəlmişkən, onu da deyim ki, şəhərdə mükəmməl metro sistemi mövcuddur. Otelinizdəki metro xəritəsi dəbu nəqliyyat vasitəsindən istifadə qaydasını qısa vaxtda öyrənməyinizə yardımçı olacaq.
Ölümünə qədər monastrda saxlanılan kral övladı kimdi?
Şəhərə gələn turistlərin üz tutduğu əsas yerlərdən biri isə sözsüz ki, Dunay çayının sahilidir. Dunay Budapeştə əsrarəngiz gözəllik verir. Günün müxtəlif saatlarında gəmi ilə Dunayda gəzintiyə çıxmaq olar. Gəmilərin və qayıqların getdiyi ən uzaq yer Marqarit adasıdır (Margitsziget). Rəvayətə görə,Kral IV Bela işğallardan o qədər bezib ki, ölkə azad olan kimi bu adada bir monastır tikdirib ilk doğulan uşağını monastra göndərəcəyinə və onu dinə həsr edəcəyinə söz verib. Ölkə işğaldan azad olunduqdan sonra kralın Marqarit adlı bir qızı olur və kral sözünə əməl edərək qızını monastra göndərir. Ömrünün axırına qədər bu monastrda yaşayan Marqarit elə burada da dünyasını dəyişir. O gündən sonra elə adada Marqarit adası kimi tanınmağa başlayır. Sonralar Osmanlının adaya hücumu zamanı monastır dağılıb. Marqarit Adasında diqqətimi ən çox cəlb edən isə ağcaqanadların çoxalmasına səbəb olan, amma xüsusi gözəlliyi ilə seçilən su zanbağı ilə bəzənmiş Yapon bağçası oldu. Burada həmçinin, 1911-ci ildə inşa edilmiş və UNESCO tərəfindən qorunan su qülləsi var.Adanın çaya yaxın hissəsində isə gün ərzində insanlar əsasən ya gəzintiyə çıxırlar, ya da velosiped sürürlər. Bir sözlə, şəhərin səs-küyündən bezənlər burada yorğunluqlarını çıxarır. Gəmi səyahətimizdən sonra yollandıq şəhərin ən məşhur körpüsü kimi tanınan Dunay çayının üzərindəki Aslanlı körpüyə (Szechenyi Lanchid) . Bu, şəhərin ilk körpüsüdür (1839-1949) . Onun hər iki tərəfində aslan heykəlləri var. Körpünün Buda hissəsi Kral Sarayına, Peşt hissəsi isəbu gün “Four Seasons”Hotel kimi fəaliyyət göstərən Gresham Sarayına baxır. Bu körpü haqqında da maraqlı bir rəvayət var. Deyilənə görə, körpünü tikən memar söz verir ki, tikilidə hər hansı bir qüsur tapılsa, o, özünü elə bu körpüdən atıb öldürəcək. Əvəlcə heç kim heç bir qüsur görmsə də balaca bir uşağın “Aslanların dili yoxdur” sözü memarın intiharına səbəb olur.
Şəhərə gözəllik verən başqa bir körpü isə Elizabet Körpüsüdür ( Erzsébet híd) (1897-1903). Adı İmperator Franz Cozefin yoldaşı Macarıstanın kraliça Elizabetin adı ilə bağlı olan bu körpü deyilənə görə,tikintisi yeni başa çatdığı vaxtlar dünyanın ən uzun asma köprüsü imiş. II Dünya müharibəsi zamanı dağılan körpü 1964-cü ildə yenidən inşa edilib. Elizabet körpüsünün qarşısından baxanda isə Budapeştin ən yüksək nöqtələrindən biri olan Qellert Təpəsini görmək olar.
Dunay kənarında ayaqqabılar
Budapestin az qala hər küçəsində daş və metaldan hazırlanan müxtəlif incəsənət nümunələri görmək mümkündür. Amma Dunay çayının kənarında ll Dünya müharibəsi zamanı güllələnmiş yəhudlərin xatirəsinə yaradılan dəmirdən ayyaqqabı heykəllərə baxanda isə adamın tükləri biz-biz olur.
Şəhərin şərq hissəsinə keçəndə sizi qeyri-adi üslubda inşa edilən və göz qamaşdıran "Parlament Binası" (Orszaghaz) qarşılayır. Bu möhtəşəm tikili eyni zamanda Avropanın ən böyük parlament binalarından biridir. Koşut meydanında yerləşən bu bina 1884-1904-cü illərdə tikilib. Bəzədilməsində 40 kq qızıldan istifadə olunan binanın içinə girəndə özünüzü şahzadə kimi hiss edə bilərsiniz. Bu bina elə hazırda da Macarıstan parlementarilərinin iş yeridir, buna baxmayaraq macarlar yenə də bu binanın qapılarını turistlərin üzünə açmaqdan çəkinmirlər.
İlk Macar hökmdarına ithafən inşa edilən “St. Stephan” bazilikası (Szent Istvan-bazilika) şəhərin ən böyük kilsəsidir. St. Stephanın mumiyalanmış sağ əlinin də olduğu kilsəni demək olar hər kəs müqəddəs sayır. Bu kilsənin tikintisinə 1851-ci ildə başlanıb, lakin 1868-ci ildə onun qübbəsi çöküb. Kilsənin tamamlanması isə 1905-ci ilə təsadüf edir. Budapeşt həm də dünyada ikinci ən böyük, Avropada isə ən böyük sinaqoqun (Dohány utcai zsinagóga) vətənidir.
Səfərimizin son günündə isə qaldığımız otellə paralel küçədə binaların birinin yuxarısında yazılan “terror” sözü diqqətimi çəkdi. Düşündüm ki, deyəsən terror Macarıstana da gəlib çıxıb. Həmin yerə çatanda gördüm ki, bu binada Terror muzeyi (Terror Haza) yerləşir. Muzeydə 1956-cı ildə sovet qoşunlarının Macarıstanda törətdiyi qırğınlar əks olunub. Muzeyin çölündə isə terror qurbanlarının fotoları asılıb. Qeyd edim ki, Sovet qoşunlarının Macarıstana hücumu zaman2500-dən çox adam həlak olub, təxminən 300 adam, o cümlədən, baş nazir İmre Nad edam edilib.
Macar mətbəxi
Macar mətbəxində də Azərbaycan mətbəxində olduğu kimi ətli yeməklər çoxdur. Macarlar məndən fərqli olaraq ətli və yağlı yeməkləri sevirlər və bu mətbəxi dünyada tanıdan da elə bu yeməklərdir. Xörəklərin demək olar ki, hamısında çeşidli ədviyyatdan istifadə olunur. Ən məşhur xörəkləri leço, porkolt (ətdən hazırlanır) və paprikaşdır (xamanın içində ət). Ət xörəkləri arasında donuz əti və piyi üstünlük təşkil edir. Macar salyami kolbasası isə Avropada çox məşhurdur.
Balıq xörəkləri də çox populyardır, məsələn, foqaş. Bu, balıq şorbasına bənzər xörəkdir. Macar mətbəxinin şirniyyatlarına isə söz ola bilməz. Buraya gəlib «Doboş» tortu və «Riqo Yançi» pirojnasının dadına baxmadan qayıtmayın. Macarıstanı dünyaya tanıdan daha bir təamı isə şərabdır. Burada hər xörəyə uyğun fərqli şərab verilir.
Tramvaydan istifadə pulsuzdur
Ümumilikdə şəhər tursitlər üçün çox rahat və təhlükəsizdir. Şəhərin təbiətindən doymaq isə qeyri-mümkündür. İnsanları o qədər gülərüz və xoş xasiyyətlidirlər ki, nə isə soruşmaq istəsəniz çox səmimi şəkildə və məmuniyytlə cavablandıracaqlar, hətta axtardığınız ünvanları tapmaq üçün əllərindən gələni edəcəklər. Əminliklə deyə bilərəm ki, burda insanlar çox sadə həyat yaşayırlar və hər cür təmtəraqdan uzaqdırlar. Şəhərdə olduğum müddətdə bir dənə də olsun bahalı markalı maşına rast gəlmədim. Əhalinin bütün təbəqələri həm gəzmək, həm işə getmək, həm də alış-veriş etmək üçün velosipeddən istifadə edir. Şəhər üçün ən rahat və sərfəli minik vasitələri arasında birinci yeri isə tramvay tutur. Gün ərzində tramvaydan istifadə etmək pulsuzdur. Diqqətimi ən çox çəkən məqamlardan biri də bu oldu ki, şəhərdə bir dəfə də olsun avtobus və maşın siqnalı eşitmədim. Piyadalarla sürücülər bir-birilərinə o qədər nəzakətlə və hörmətlə yanaşır ki, bu səhnələr Bakı sakininə tanış olmadığı üçün təəccüblənməyə bilmirsən. Ölkədə, hər kəs idmanla məşğul olmağı sevir. İnsanları daim hərəkətdə, qaçan görmək olar.
Gecə həyatı...
Şəhərin mərkəzindəki meydanda gənclər hər axşam müxtəlif musiqilərin sədaları altında rəqs edib, əylənirlər. Macarıstanda az qala hər küçədə skripka çalan birini görmək olar. Sənətə olan heyranlıq dərhal hiss olunur. Burada da Vyanada olduğu kimi klassik musiqi konsertlərinə qatıla bilərsiniz.
Ucuz içkilər, gözəl musiqilər çalınan barlar, səhərə qədər dolu olan gecə klubları əylənmək üçün hər cür imkan yaradır, şəhəri ideal əyləncə məkanına çevirir. Qeyd edim ki, şəhərdə addımbaşı dilənçi və bomjlarla rastlaşa bilərsiz, amma onlar insanları narahat etmir. Kimi sakitcə bir küncə çəkilib yatır, kimi də müxtəlif musiqi alətləri ilə mahnılar ifa etməklə gündəlik xərcini çıxarır.
Eşitmişdim ki, macar qızları gözəl olur. Amma artıq çəkili macar xanımlarını görəndən sonra bildim ki, həqiqətən də yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Macar xanımlarından yalnız bir neçəsi gözəl olsa da, kişilər onlardan fərqli olaraq daha sağlam fiziki quruluşa malikdir. Ümumiyyətlə isə belə qənaətə gəldim ki, artıq çəkili macarların sayının çox olmağı başlıca olaraq donuz əti, pivə və bir də sözün əsl mənasında çox ləziz olan yerli şirniyyatlarıdır.
Alış-veriş
Macarıstanda ərzaq mağazaları səhər 7:00-dan 19:00-dək, bazar günləri isə 7:00-dan 14:00-dək, sənaye malları mağazaları isə 10:00-dan 18:00-dək, bazar günləri isə 9:00-dan 13:00-dək işləyir. İnsanların həyat tərzini müşahidə etmək və yerli yeməklərindən dadıb alış-veriş, edə biləcəyiniz çoxlu sayda dükanın olduğu "Váci utca"-a( Vaci küçəsi) axşam saatlarında getmək məsləhətdir. Macar bazarları da turistlər üçün cəlbedici yerdir. Burada da satıcıların çox mədəni, insanların isə çox nəzakətli olduğunu görmək Bakı sakinində təəccüb doğurur. Bir çox supermarket və mağazaların 24 saat ərzində açıq olduğu haqqında eşitsəm də doğrusu, bunu müşahidə etmədim. Gecə saatlarında demək olar şəhərdə açıq aptek tapmaq müşkül məsələdir. Hərhalda bu da onların bizdən fərqli olaraq nə qədər sağlam həyat tərzi keçirdiyini göstərir...
Bu şəhərdən ayrılmaq vaxtı çatanda isə adam əsaslı səbəb axtarır ki, gedə bilsin. Əgər ölkənizdə sizi çox sevən, gözləyən və dəstəkləyən bir ailəniz və yaxın dostlarınız yoxdursa, onda Budapeştdən ayrılmaq çətin olacaq...
Xüsusi olaraq AZXEBER.COM üçün
Qumru Mustafa
Bakı - Budapeşt - Bakı










