"Jurnalist Taleh Şahsuvarlının Laf TV-nin efirində millət vəkili Fazil Mustafanı debata çağırması ilə bağlı emosional, bir qədər əsəbi tonda yazdığı Feysbuk statusuna şərhimdə Talehin sanki debata yox, davaya hazırlaşdığını bildirmişdim. Yaxşı olardı, hörmətli Ləman xanım da belə vəziyyətdə Fazil Mustafasız verilişi təxirə salaydı. Səfəvilər mövzusunda soyuqqanlı, təmkinli polemika ictimaiyyət üçün daha faydalı ola bilərdi".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid son günlər sosial şəbəkədə Səfəvilər dövləti ilə bağlı yaranan müzakirələrə münasibət bildirərkən deyib.
O deyib ki, jurnalistlərlə müzakirədə kobud ritorikadan uzaq durmaq lazımdır:
"Fazil bəyin düşüncələri ilə tanışam və onların bir çoxu ilə razılaşıram. Mirzə Fətəli və Həsən bəy Zərdabi barədə fikirlərini də doğru sayıram. Amma Səfəvilər elə mövzudur ki, bu məsələdə ümumi konsensusun yaranacağına skeptik yanaşıram. Düşünürəm ki, belə müzakirələr obyektiv aydınlıqdan və tarixi maariflənmədən daha çox, fərqli baxışlara malik insanların gərəksiz qarşıdurmasına səbəb olacaq.
Fazil bəyə də jurnalistlərlə polemika zamanı ona xas olmayan kobud leksikondan uzaq durmağı, səbirli olmağı arzulayıram.
Fikrimcə, lazımsız gərginlikdir. Onsuz da hər kəs sonda öz mövqeyində qalacaq. Qısa fikrim isə budur: Barışın.









































