Onlara 30 əvəzinə 21 gün məzuniyyət yazılır - Diqqət

Onlara 30 əvəzinə 21 gün məzuniyyət yazılır - Diqqət
SOSİAL
23:53 17.06.2026
229
Əmək münasibətlərində işçilərin hüquqlarının qorunması vacib məsələlərdən biridir və bu hüquqlar arasında məzuniyyət hüququ xüsusi yer tutur. Lakin bəzi hallarda işəgötürənlər bu hüquqlardan müxtəlif yollarla istifadə etməyə çalışır və bu da praktikada fərqliliklər yaradır. Xüsusilə özəl və dövlət sektorları arasında məzuniyyət hüquqlarının tətbiqi ilə bağlı müəyyən fərqlər müşahidə olunur.

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, işəgötürənlər bəzən məzuniyyət hüquqlarından sui-istifadə edə bilirlər:

"Belə ki, qanunvericiliyə əsasən, mütəxəssislərə 30 gün məzuniyyət hüququ verilməlidir. Lakin işəgötürənlər bu halda işçini mütəxəssis kimi deyil, məsələn, kredit işçisi, satış təmsilçisi kimi qeyd edərək Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan məhrum etməyə çalışırlar və bu zaman məzuniyyət müddəti 30 gündən 21 günə endirilir. Əmək məzuniyyətinin verilməsi zamanı özəl və dövlət sektoru arasında fərqlər mövcuddur. Məzuniyyət günləri və məzuniyyət haqqına əlavələr kollektiv saziş və kollektiv müqavilələrlə tənzimlənir. Bu da adətən kiçik sahibkarlara sərf etmir, çünki əlavə məzuniyyət günlərinin verilməsi və ya məzuniyyət haqqına əlavələr əlavə xərclər yaradır. Bu imkanlardan daha çox böyük korporasiyalar istifadə edə bilir. Ona görə də dövlət və özəl sektorda məzuniyyət hüququndan istifadə baxımından fərqlər yaranır", - deyə o qeyd edib. 

Beləliklə, məzuniyyət hüququnun təminatında dövlət və özəl sektor arasındakı fərqlər şirkətlərin kadr siyasəti və maliyyə öhdəliklərindən irəli gəlir. Vəzifə adlarının süni şəkildə dəyişdirilməsi ilə işçilərin istirahət müddətinin azaldılması isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması halı kimi hüquqi məsuliyyət yaradır.
OXŞAR XƏBƏRLƏR