Son dövrlərdə həm dünyada, həm də Azərbaycanda baş verən xoşagəlməz hadisələr uşaqların sosial mediadan istifadəsinin müəyyən qaydalar çərçivəsində tənzimlənməsi məsələsini yenidən gündəmə gətirib.
Bu istiqamətdə Azərbaycanda da müəyyən addımlar atılır. Belə ki, Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, sosial platformalarda qeydiyyatla bağlı yeni tələblər müəyyənləşdirilir.
Layihəyə görə, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Yaş məhdudiyyətinin tətbiq ediləcəyi platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Bununla yanaşı, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr nəzərdə tutulur. Layihəyə əsasən, tələb olunan məlumatların müvafiq quruma təqdim edilməməsi, təqdimetmə müddətinin pozulması, yaxud natamam və ya təhrif olunmuş məlumat verilməsi hallarında vəzifəli şəxslər 6–7 min manat, hüquqi şəxslər isə 15–20 min manat məbləğində cərimə ediləcəklər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, sosial media uşaqların düşüncəsinə, psixologiyasına, tərbiyəsinə və təhsil prosesinə ciddi təsir göstərir.

"Bu məsələ son dövrlər həm dünyada, həm də ölkəmizdə geniş müzakirə olunur və ciddi narahatlıq doğurur. Bir çox ölkələr artıq bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Uzun müddətdir cəmiyyət tərəfindən də müzakirə olunan bu problem həm həssas, həm də aktual xarakter daşıyır”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın da bu sahədə addımlar atması dövlətin gələcəyə yönəlik baxışının göstəricisidir:
"Qanunvericilikdə nəzərdə tutulan tələblər, valideynlərin məlumatlandırılması, uşaqlar üçün hesabların yaradılmasına nəzarət mexanizmlərinin tətbiqi və digər tədbirlər mühüm əhəmiyyət daşıyır”.
Deputat hesab edir ki, cərimə mexanizmi olmadan bu sahədə effektiv tənzimləməyə nail olmaq çətindir:
"Cərimələrin tətbiqi olduqca vacibdir. İnanırıq ki, görülən tədbirlər prosesə müsbət təsir göstərəcək və konkret nəticələrin əldə olunmasına töhfə verəcək”.
Təhsil eksperti Elçin Süleymanov isə bildirib ki, son illər sosial şəbəkələrdə gənclərin aqressiyaya, cinayətə və qeyri-qanuni fəaliyyətlərə meyilləndirilməsi ilə bağlı hallar daha çox diqqət çəkir.

"Bu problem təkcə Azərbaycana aid deyil, dünyanın bir çox ölkəsində ciddi təhdid kimi qiymətləndirilir. Xüsusilə zorakılıq məzmunlu oyunlar, şiddətə təşviq edən materiallar və qanunsuz çağırışlar narahatlıq doğurur. Valideynlər övladlarının gündəlik fəaliyyətini izləyə bilsələr də, internetdə qarşılaşdıqları məzmun və əlaqələri hər zaman nəzarətdə saxlaya bilmirlər”, – deyə ekspert qeyd edib.
Onun fikrincə, bu istiqamətdə atılan addımlar həm cinayətlərin, həm də yeniyetmələrin zərərli qruplara və radikal cərəyanlara cəlb olunmasının qarşısını almağa kömək edə bilər.
"Qeydiyyat və identifikasiya məsələlərinin hüquqi əsaslarla tənzimlənməsi faydalı addım hesab oluna bilər. Bu məsələ inkişaf etmiş ölkələrdə də geniş müzakirə olunur və bəzi dövlətlər artıq müəyyən məhdudiyyətlər tətbiq etməyə başlayıblar”, – deyə o əlavə edib.
Ekspert hesab edir ki, istifadəçilərin real kimlik məlumatları ilə qeydiyyatdan keçməsi onların internetdə daha məsuliyyətli davranmasına təsir göstərə bilər:
"Bu, həm qeyri-qanuni fəaliyyətlərin, həm də cinayət xarakterli əməllərin qarşısının alınmasına müəyyən töhfə verə bilər. Eyni zamanda, valideynlərin övladlarının internet fəaliyyətinə nəzarət imkanlarını da genişləndirə bilər”.
Şəhanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib.







































