Paytaxtda inanılmaz rəzalət - FOTO

Paytaxtda inanılmaz rəzalət - FOTO
Bütün Xəbərlər
21:44 19.10.2011
2411

Nərimanov rayonunda bir ailə iki azyaşlı uşağı ilə birgə on gündür küçədə gecələyir. Evin sahibi Vahid Rüstəmov “Yeni Müsavat”a deyib ki, 5 il əvvəl çətinliklə tikdiyi ikiotaqlı ev bir neçə gün əvvəl uçurulub: “Həyat yoldaşım və mən evdə olmamışıq. Qonşuluqda yaşayan sahibkar oktyabrın 6-da günorta evi uçurdub. İndi bu soyuqda küçədə gecələməyə məcburuq”.

Qonşular isə deyir ki, ev uçurulan zaman iki azyaşlı uşaq evdə olub: “Uşaqlar qaçıb evdən çıxdı. Onların anası evə gələndə baş verənləri görüb şoka düşdü. Elə bildi ki, uşaqlar evin altında qalıb, intihar etmək istədi və damarlarını kəsdi”. Qonşulardan öyrəndik ki, hazırda Ruqiyyə Rüstəmovanın vəziyyəti bir qədər düzəlib və o, ailəsinin uçurulmuş evdən də çıxarılmaması üçün rəsmi qurumların qəbuluna düşməyə çalışır: “JEK sənəd verdi ki, bu ailə 5 ildir burada yaşayır. İndi o sənədi polis idarəsinə verməyə gediblər. Bu evi yaxınlıqdakı ”Lalə" şadlıq evinin sahibi Həsən Əliyev sökdürüb. Əsas da gətirir ki, ev onundur. Əslində bu ailənin evə sənədi yoxdur, Həsən Əliyev isə özünə sənəd düzəltdirə bilib ki, guya torpağı çoxdan alıb. Hər necə olsa da körpə uşaqları küçədə qoymaq insanlıqdan deyil".

Qonşuların sözlərinə görə, Vahid Rüstəmov II qrup Qarabağ əlilidir, bu səbəbdən işləyib ailəsini də dolandırmaq qabiliyyətində deyil: “Uşaqların anası isə kasıblıqla ailəsini dolandırır. Qonşulara xalça-palaz yuyur, yorğan sırıyır, ev işlərində kömək edib uşaqlarına bir parça çörək qazanır. Ailə belə dolanır. Hazırda evin işığını, suyunu, qazını da kəsiblər. uşaqlara yeməyi neçə gündür qonşular verir”. Uşaqlardan kiçiyi - 4 yaşlı Yusifi uçulmuş evdə yatmış halda gördük. Qonşular dedi ki, günorta olsa da uşaq hələ də ac yatıb: “Anası səhərdən sənədlərlə bağlı gedib. Uşaqlar gecələr də bu soyuqda yatır. Divarların arasını sellofanla tutmuşuq ki, soyuq keçməsin. Ancaq mümkün deyil. On gündür bu cür dəhşətli vəziyyətdə yaşayırlar. Artıq uşaqlar soyuqdan xəstələnib”. Büzüşüb yatan qardaşının yanında çarpayıda oturan 10 yaşlı Allahverdi isə deyir ki, on gündür xəstələnib və məktəbə də gedə bilmir.

OXŞAR XƏBƏRLƏR