"Pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etməyə bilər".
AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi yalnız ödənişlərin nominal məbləğinin yüksəldilməsi kimi qiymətləndirilməməlidir:
"Bu addım eyni zamanda inflyasiyanın əhalinin gəlirlərinə təsirinin azaldılmasına və ailə büdcəsinin qorunmasına xidmət etməlidir. Hazırda 320 manat məbləğində olan pensiyanın 7,5 faiz artırılması təxminən 344 manata çatması deməkdir. Bununla belə, pensiya artımının hər kəsə eyni məbləğdə tətbiq olunacağını düşünmək düzgün deyil. Çünki yekun ödənişlər fərdi hesablamalar əsasında müəyyənləşdirilir. Burada şəxsin əmək stajı və fərdi hesabında topladığı pensiya kapitalı mühüm rol oynayır.
Mövcud qiymət artımları fonunda pensiyaların bu səviyyədə yüksəldilməsi sosial müdafiə baxımından müsbət addım olsa da, yaşlı insanların real ehtiyaclarını tam qarşılamaq üçün yetərli deyil. Minimum istehlak səbətinə daxil olan zəruri ərzaq məhsulları və xidmətlərin qiyməti nəzərə alındıqda, pensiyaların təxminən 600 manat səviyyəsinə çatdırılması zərurəti yaranır".
AQC sədri həmçinin dövlətin sosial siyasətində bu istiqamətin prioritet olaraq qalacağını gözlədiyini vurğulayıb:
"2027-ci ilin dövlət büdcəsində sosial təminat və sosial tədbirlər üçün təxminən 18 milyard manat vəsait nəzərdə tutulmasıdır. Bu məbləğin dövlət büdcəsinin təxminən 44 faizini təşkil etməsi inflyasiyanın və qiymət artımının əhalinin gündəlik həyatına təsirlərinin azaldılması istiqamətində hökumətin sosial öhdəliklərinə xüsusi diqqət ayırdığını göstərir. Pensiya sisteminin maliyyə imkanlarının genişləndirilməsi və sosial islahatların davam etdirilməsi gələcəkdə vətəndaşların gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyacaq".











































