Polşada Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb

Polşada Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb
DÜNYA
18:25 14.09.2026
118
Polşa hərbçiləri ölkənin şimalında, Baltik dənizi sahilində Rusiyaya məxsus olduğu ehtimal edilən hərbi pilotsuz uçuş aparatı (PUA) tapıblar.

Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X” hesabında yazıb.

Onun sözlərinə görə, PUA Yaroslavets şəhəri yaxınlığındakı Rusinovo qəsəbəsinin çimərlik ərazisində aşkar edilib.

"Rusinovo çimərlik ərazisində hərbçilər Baltik dənizindən PUA aşkarlayıb və çıxarıblar. İlkin araşdırma bunun Rusiya mənşəyi olan hərbi pilotsuz uçuş aparatı olduğunu göstərir. Hazırda hadisə yerində müvafiq xidmətlər ərazinin və aşkarlanmış qurğunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirirlər”, - nazir bildirib.

Kosinyak-Kamış həmçinin bildirib ki, "Rusiyanın son təxribatları və təcavüzkar hərəkətlərindən sonra Polşa hava məkanının mühafizəsini genişləndirib”.

"Biz Hərbi Hava Qüvvələrimizin, o cümlədən F-16 qırıcıları və helikopterlərin fəaliyyətini artırırıq. Son həftələr göstərib ki, Rusiyanın təxribatları müxtəlif formalarda həyata keçirilir və indiyədək təhlükəsiz hesab olunan ərazilər üçün də təhdid yaradır. Polşa şərq sərhədində vəziyyəti daim monitorinq edir. Həmçinin ölkənin bütün ərazisində təhdidlərə operativ cavab vermək sistemlərini gücləndiririk”, - Polşanın müdafiə naziri qeyd edib.
OXŞAR XƏBƏRLƏR