Birmənalı şəkildə deyə bilərik ki, "Azərlotereya” ASC media ilə ən sıx əməkdaşlıq edən və mediaya ən açıq olan şirkətlərdəndir. Şirkət fəaliyyətində beynəlxaq təcrübəni tətbiq edir və Azərbaycanda təşkil olunan lotereyalar ən müasir dünya standartlarına cavab verir.
Azərbaycan media nümayəndələrinin "Azərlotereya” ASC-nin əsas tərəfdaşlarından olan "Scientific Games"in Böyük Britaniyanın Lids şəhərindəki fabrikinə səfərini də bu aspektdən dəyərləndirmək daha düzgün olardı. Şirkət rəhbərliyi şəffaflıq baxımından jurnalistlərin hər şeyi öz gözləri ilə görməsi üçün İngiltərə səfərini təşkil etmişdi.

"Azərlotereya” ASC-nin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. 1973-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınan "Scientific Games" lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılır.
"Azərlotereya” ASC-nin "Poz-Qazan” biletləri "Scientific Games"in Böyük Britaniyanın Lids şəhərindəki fabrikində dizayn və çap edilir. Eyni zamanda tirajlı lotereya oyunlarının təşkilinə də "Scientific Games" tərəfindən texniki dəstək verilir. "Misli.az” saytında virtual məkanda oynanılan virtual ani oyunlar, həmçinin idman mərc oyunları da "Scientific Games" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hazırda 6 qitədə fəaliyyət göstərən "Scientific Games" 50-dən çox ölkədə 130 lotereya təşkilatı üçün lotereya biletlərinin tərtibi və dizaynı, çapını həyata keçirir.

Əslində, "Azərlotereya" rəhbərliyinin bu səfərdə əsas məqsədi məhz "Scientific Games"-də çalışan və işinin yüksək peşəkarı olan, lotereya oyunlarında təşkilində uzun illərin təcrübəsinə malik olan peşəkarlar ilə media rəhbərlərini görüşdürmək və jurnalistlərə hər şeyi ilk mənbədən öyrənmək şansı vermək idi. "Azərlotereya" həm də onun mesajını verdi ki, istehsal prosesin necə şəffaf təşkil olunub, beynəlxalq təcrübə necə tətbiq olunur, bütün dünya üzrə lotereyaların hazırlanmasında əvəzsiz təcrübəsi olan "Scientific Games"in Böyük Britaniyanın Lids şəhərindəki fabrikində çalışan şəxslər necə peşəkardır.

Həmkarlarımız da onları maraqlandıran sualları verdi, cavabları aldı. Şahidi olduq ki, Lidsdəki fabrik tam şəffaf şəkildə fəaliyyət göstərir, lotereyalar insan əli dəymədən hazırlanır. Lotereya biletləri müvafiq prosedurlara uyğun olaraq müxtəlif testlərdən keçirilir, bu fabrikdə ən incə detal belə zərgər dəqiqliyi ilə yoxlanılır. Burada bir çox ölkənin ani lotereyalarının hazırlandığını öz gözlərimizlə gördük, dünya hegemonlarının sırasında Azərbaycan adını görmək isə adamda fərəh hissi yaradırdı.

Bizi qürurlandıran məqamlardan biri də şirkətin girişində Azərbaycan bayrağının dalğalanması idi. Fabrik rəhbərliyi gəlişimizə belə bir sürpriz etmişdi...
Və biz bir şeyə tam əmin olduq ki, lotereyalarda yalnız şansımıza güvənməliyik. Əgər "poz-qazan" həvəskarıyıqsa, fabrikdən dünyaya servis edilən lotereyalara və bəxtimizə güvənə bilərik.
Son olaraq isə bu səfərə görə təşkilatçılara təşəkkür edirəm. Media nümayəndələrinin 4 günlük İngiltərə səfəri çox zəngin təəssüratlarla və xoş anlarla yadda qaldı.
Hacıbəy Heydərli










































