PSJ-nin ulduz futbolçusu zorlama ittihamı ilə mühakimə olunacaq

PSJ-nin ulduz futbolçusu zorlama ittihamı ilə mühakimə olunacaq
05:25 24.09.2026
7
Fransanın Kassasiya Məhkəməsi PSJ klubunun müdafiəçisi və Mərakeş millisinin kapitanı Əşrəf Hakiminin təcavüz ittihamı ilə mühakimə olunacağını təsdiqləyib.

Bu barədə zərərçəkmiş tərəfin vəkili Bertran Perye "L'Equipe" nəşrinə açıqlamasında bildirib.

"Kassasiya Məhkəməsi Hakiminin apellyasiya şikayətini rədd edərək onun baxılması üçün əsaslı səbəblərin olmadığını müəyyən edib", - deyə vəkil vurğulayıb.

Bu apellyasiya müraciəti futbolçu üçün Fransa məhkəmə sistemi çərçivəsində son hüquqi müdafiə vasitəsi idi. Fevral ayında Nanter prokurorluğu onun işini O-de-Sen departamentinin cinayət məhkəməsinə göndərmişdi. İyunun ortalarında, dünya çempionatı zamanı Versal Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.

Məhkəmə baxışının başlanma tarixi hələlik açıqlanmayıb.

Hadisənin 2023-cü ilin fevralında Paris ətrafında baş verdiyi bildirilir. Qadın polisə müraciət edərək futbolçu ilə sosial şəbəkələrdə tanış olduğunu, daha sonra onun evinə getdiyini və Hakiminin onun etirazına məhəl qoymayaraq zorakılıq xarakterli hərəkətlər etdiyini bildirib. O, hadisədən sonra idmançının evini tərk edərək hüquq-mühafizə orqanlarına müraciət edib.

2023-cü ilin martında Hakimi saxlanılaraq məhkəmə nəzarəti altına götürülüb. Dindirilmə zamanı o, bütün ittihamları qətiyyətlə rədd edərək yalnız "qarşılıqlı qucaqlaşma və razılıq əsasında öpüşmə" olduğunu bildirib. Futbolçunun vəkilləri isə bu işi hədə-qorxu yolu ilə pul tələb etmə sxeminin bir hissəsi adlandırıblar.
OXŞAR XƏBƏRLƏR