Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama

Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama
SOSİAL
13:17 05.09.2026
65
Son zamanlar pulun üzərinə tanışlıq məqsədilə müxtəlif yazıların yazıldığı görüntülər sosial şəbəkələrdə yayılıb. Qanunvericilik baxımından isə pul əskinaslarının üzərinə yazı yazılması düzgün hesab edilmir.

AZXEBER.COM xəbər verir ki, hüquqşünas Səməd Vəkilov Demokrat.az-a açıqlamasında bildirib ki, cinayət qanunvericiliyinə əsasən, hər hansı əməlin cinayət hesab olunması və buna görə şəxsin cəzalandırılması üçün həmin əməl Cinayət Məcəlləsində təsbit olunmalıdır.

Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində pul vəsaitinin üzərinə yazı yazılması ilə bağlı ayrıca cinayət məsuliyyəti nəzərdə tutulmayıb:

"Bu baxımdan, yalnız pul üzərində yazı yazılmasına görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil. Əlbəttə, milli pul vahidimiz dövlətimizin atributlarından biri hesab olunur və ona hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur. Pul əskinaslarının üzərinə müxtəlif yazıların yazılması, onların cırılması və ya başqa formada yararsız hala salınması düzgün davranış deyil. Lakin belə bir əməlin hüquqi məsuliyyət doğurması üçün onun qanunvericilikdə konkret şəkildə təsbit olunması vacibdir”.

Hüquqşünas əlavə edib ki, hazırda pul üzərində yazı yazılması geniş yayılmış və ciddi ictimai təhlükə yaradan əməl kimi qiymətləndirilmirsə, buna görə ayrıca məsuliyyət müəyyənləşdirilməyib:

"Lakin gələcəkdə belə hallar mütəmadi xarakter alarsa və milli valyutanın qorunması baxımından problemə çevrilərsə, qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilməklə inzibati və ya cinayət məsuliyyəti müəyyənləşdirilməsi mümkündür”.
OXŞAR XƏBƏRLƏR