Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının VII turu çərçivəsində təmsilçimiz "Qarabağ" Rumıniyanın FCSB komandasını qəbul edəcək.
"Play-off" mərhələsinə yüksəlmək üçün sonuncu şansından istifadə edəcək Ağdam təmsilçisinin qələbə qazanmaqdan başqa şansı yoxdur.
Baş tutacaq oyunla bağlı AZXEBER.COM-a açıqlama verən tanınmış idman mütəxəssisi, "Rekord.az" saytının təsisçisi Kənan Məstəliyev bu oyunun "Qarabağ"ın "play-off"a yüksəlməsi üçün sonuncu şansı olduğunu xatırladıb:
"Axşamkı matç "Qarabağ"ın "play-off"a yüksəlməsi baxımından son şansıdır. Oyunda məğlubiyyət və yaxud da heç-heçə olarsa onsuzda az olan "play-off" şansı sıfıra enəcək. Ona görə də "Qarabağ" qalib gəlməyə məcburdur. Juninyonun gedişindən sonra və komandada olan oyunçuların zədəli olması üçün problemlər yaşada bilər. Ancaq bütün bunlara baxmayaraq "Qarabağ" bunun öhdəsindən gələ biləcək sistemli komandadır. "Qarabağ"ın kollektiv oyunu alındıqda və "Stuaya Buxarest" kimi rəqibləri məğlub edəcək gücə malik klubdur. Onlar bunu əvvəlki illərdə də sübut edib. Düşünürəm ki, bu gün də həmin nəticəni təkrarlaya biləcəklər".
Rəqib komanda ilə bağlı fikir bildirən idman mütəxəssisi onların ən xırda səhvini bağışlamayan komanda olduğunu vurğulayıb:
"Rumıniya təmsilçisi yaxşı rəqibdir. Ehtiyatında daha çox xal var. Onlar da kollektiv oyun nümayiş etdirirlər. Müdafiədən oynasalar da, daha çox orta xətt lazım olduqda müdafiəyə, hücuma kömək edə bilirlər. Balanslı komandadırlar. Dünən mətbuat konfransında da "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun da qeyd etdiyi kimi ən xırda səhvi bağışlayan komanda deyillər. Hesab edirəm ki, "Qarabağ" bugunkü qarşılaşmada ehtiyatlı, diqqətli olmalıdır. Çox riskə getməyərək öz şansını gözləyərək oynamalıdır. Əsas odur ki, komanda bu gün baş tutacaq oyundan nəticə əldə etsin. Hesabın heç bir fərqi yoxdur. Burada azarkeşlərin də dəstəyinə ehtiyac var. Çətin məqamda komandanın yanında olmalıdırlar. Belə olduğu halda, düşünürəm ki, komanda oyundan qalibiyyətlə ayrılacaq".
Qeyd edək ki, "Qarabağ" - "Stiau Buxarest" qarşılaşması bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Günel Hüseynli