Qarabağ Universitetində İstanbul Texniki Universiteti (ITU) nəzdində akademik bölmələr yaradılacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.
Qərara əsasən, Qarabağ Universitetində İTU-ya tabe olan akademik bölmələr yaradılacaq.
Qeyd edək ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib.
Qarabağ Universitetindən AZXEBER.COM-a verilən açıqlamaya görə, təhsil İTÜ-nün tədris proqramları əsasında və tamamilə ingilis dilində təşkil olunur:
"Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən İTÜ ilə beynəlxalq ikili diplom proqramına başlayıb. Proqram "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli Sərəncamı çərçivəsində həyata keçirilir.
İkili diplom proqramı İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Təhsil İTÜ-nün tədris proqramları əsasında və tamamilə ingilis dilində təşkil olunur. Tələbələrin ilk üç tədris ilini Xankəndi şəhərində, dördüncü tədris ilini isə İstanbul şəhərində keçirməsi nəzərdə tutulur. Proqram çərçivəsində tədris İTÜ professorları tərəfindən həyata keçiriləcək”.
Qurumdan qeyd olunub ki, proqramın məzunları Qarabağ Universitetinin və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər:
"Proqramın məzunları Qarabağ Universitetinin və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər. Proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdirilir. Qarabağ Universitetində İTÜ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu proqram mühəndislik təhsilinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin tətbiqi və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ Universiteti İTÜ ilə əməkdaşlığın genişləndirilməsini və iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da inkişaf etdirilməsini yüksək qiymətləndirir”.
"Qeyd edək ki, sözügedən proqramın reallaşması çərçivəsində 26 avqust 2026-cı il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Texniki Universitetində (İTÜ) akademik bölmələrin açılması ilə bağlı qərar imzalayıb”,-deyə qurumdan bildilirib.
Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, iki ölkə arasında əlaqələrin təhsil sahəsində də özünü göstərməsi xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan və Türkiyə bir sıra sahələrdə, o cümlədən siyasi, hərbi və diplomatik müstəvilərdə sıx əməkdaşlıq edirlər. İki ölkə arasındakı əlaqələrin gündən-günə gücləndirilməsi və inkişaf etdirilməsi sevindirici haldır.
Bu əlaqələrin təhsil sahəsində də özünü göstərməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə universitetləri arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan-Türkiyə Universitetinin fəaliyyət göstərməsi də iki ölkə arasında təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcək”.
Parlamentari qeyd edib ki, hər iki tərəf bu əməkdaşlıqdan uğurla bəhrələnəcək:
"Qarabağ Universitetində İstanbul Texniki Universitetinin (İTU) nəzdində akademik bölmənin yaradılması da çox önəmli addımdır. Türkiyənin təhsil sistemi və ali təhsil müəssisələri böyük inkişaf yolu keçib. Hesab edirəm ki, Azərbaycan da Türkiyənin təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhrələnə bilər.
2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilməsi olduqca vacibdir. İstanbul Texniki Universiteti nüfuzlu ali təhsil müəssisələrindən biridir. Qarabağın incisi olan Qarabağ Universitetinin inkişafında bu əməkdaşlığın mühüm rolu olacaq. Əminəm ki, hər iki tərəf bu əməkdaşlıqdan uğurla bəhrələnəcək”.
Yazı Medianın İnkişafı Agentliyinin "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc edilib.
Şahanə Ziyad












































