2024-cü ildə ilk tədris ilinə 6 fakültə, 27 ixtisas proqramı və 1154 tələbə ilə başlayan Qarabağ Universiteti bu gün 9 fakültədə 49 ixtisas üzrə təhsil imkanları təqdim edir.
Qarabağ Universiteti mühəndislik, biznes və iqtisadiyyat, tibb və sağlamlıq elmləri, riyaziyyat və kompüter elmləri, pedaqogika, təbiət elmləri, humanitar və sosial elmlər, incəsənət istiqamətləri üzrə kadr hazırlığı həyata keçirir.
Beynəlxalq standartlara cavab verən infrastruktur, o cümlədən müasir auditoriya və laboratoriyalar, zəngin kitabxana və elmi-tədqiqat məkanları tələbələrin öyrəndiyi, araşdırdığı, yaratdığı və yeni ideyaları həyata keçirdiyi canlı akademik mühit formalaşdırır.
Burada yalnız dövlət sifarişi əsasında qəbul həyata keçirilir. Tələbələrin keyfiyyətli təhsil alması və müasir universitet kampusunun təqdim etdiyi imkanlardan yararlana bilməsi üçün hərtərəfli şərait yaradılıb. Bütün tələbələr üçün yataqxana və kommunal xidmətlərin xərcləri dövlət tərəfindən qarşılanır.
Amma Qarabağ Universitetinin hekayəsi bununla bitmir.
Universitet böyüyür, onun imkanları və coğrafiyası genişlənir.
Xankəndidə Mühəndislik, Riyaziyyat və kompüter elmləri, Təbiət elmləri, Sosial elmlər və hüquq, Şuşada İncəsənət, Xocalıda Kənd Təsərrüfatı fakültələri üçün yeni binaların inşası Qarabağda böyük bir təhsil ekosisteminin formalaşmasına xidmət edəcək.
Universitetin Klinikası ilə birgə Tibb və sağlamlıq fakültəsi isə təhsil, elmi tədqiqat və müasir tibbi xidmətin bir araya gəldiyi akademik-kliniki mərkəzdir. Burada gələcəyin həkimləri nəzəri biliklərini real klinik mühitdə möhkəmləndirir və praktiki bacarıqlar qazanırlar.
Qarabağ Universitetində təhsil auditoriya ilə məhdudlaşmır. Təcrübə proqramları, istehsalat təcrübəsi və tətbiqyönümlü öyrənmə tələbələrə biliklərini real iş mühitində sınamaq, tərəfdaşlarla əməkdaşlıq isə gələcək karyeralarına hazırlaşmaq imkanı verir.
Çünki məqsəd yalnız məzun yetişdirmək deyil. Məqsəd Qarabağın və Azərbaycanın gələcəyini quracaq yeni nəsil yetişdirməkdir.
Bu gün Qarabağ Universiteti sürətlə böyüyür. Sabah burada yeni ixtisaslar, yeni elmi araşdırmalar, daha geniş akademik imkanlar və yeni uğur hekayələri yaranacaq.
O gələcəyin bir parçası olmaq istəyirsənsə, Qarabağ Universitetini seç. Öyrən, yarat, yenidən qur.
Ətraflı məlumat üçün: qu.edu.az











































