Qax rayonunun Ənbərçay kəndində yeni məktəb binasının eləcə də şəhər 1 saylı uşaq bağçası-körpələr evinin açılış mərasimi keçirilib.AZXEBER.COM-un məlumatına görə, rayon rəhbərliyi, Fövqəladə Hallar Nazirliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirildi ki, son 6 ildə rayonda 15 məktəb binası inşa edilib ki, bunların da 3-ü 2012-ci ilin payına düşür.Bu ilin may ayında şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində Ənbərçay kənd məktəbi və 1 saylı uşaq bağçası daha da qəzalı vəziyyətə düşmüşdü.Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binalara baxış keçirəndən sonra burada tədrisin və təlim-tərbiyənin dayandırılması qərara alınıb və tezliklə inşaat işlərinə başlanılıb.Fövqəladə Hallar Nazirliyinin müvafiq təşkilatlarının layihəsi əsasında inşa edilən Ənbərçay kəndində 80 şagird-yerlik məktəbdə müəllim və məktəblilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Məktəbin foyesində Azərbaycan tarixi və ədəbiyyatına dair stendlər asılıb, kompüter otağında müasir informasiya texnologiyaları quraşdırılıb. Məktəb idman zalı və sinif otaqları digər zəruri avadanlıq və qurğularla təmin olunub.Şəhər 1 saylı uşaq bağçası-körpələr evinin sakinləri üçün də müasir tələblərə cavab verən şərait yaradılıb. Yeni bağçada indi 80-ə yaxın körpənin tərbiyə alması mümkün olacaq.Yaxın günlərdə rayonda Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında tikilən daha bir neçə məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.