Bu barədə məlumat verən portalın baş redaktoru Fərid Şahbazlının sözlərinə görə, buna səbəb xidmətin Qaynar.info-ya qarşı kobud qanun pozuntusuna və haqsızlıqa yol verməsidir: “Qaynar.info faəliyyəti dövründə ilk dəfə 2011-ci ildə rəsmi olaraq Milli Məclisdə akkreditasiyadan keçib və cəmi iki dəfə parlamentin iclaslarına iştirak edib. Ötən həftə isə Milli Məclisin mətbuat xidmətindən zəng edərək bizim Milli Məclisin 3 iclasına buraxılmayacağımızı bildirdilər. Səbəbini soruşduqda, saytımızda gedən son iki yazını əsas gətirdilər(həmin yazıların linkini aşağıda sizə təqdim edəcəyik).
Yazılardan birində “Həftə-İçi” qəzetinə istinadən keçmiş deputat Nizami İsgəndərovun spiker Oqtay Əsədovun köməkçisi təyin olunduğundan(bu rəsmi təsdiqini tapmış informasiyadır), birində isə keçmiş deputatların bəzilərinin siyasi taleyindən söz açılır. Göründüyü kimi, bu yazılar parlamentin SABİQ deputatlarından bəhs edir və yalnız informasiya xarakteri daşıyaraq, hər hansı tənqiddən uzaqdır. Baxmayaraq ki, hətta hansısa deputatı tənqid etməmiz belə bizim öz işimizdir və bu Milli Məclisdəki fəaliyyətimizə məhdudiyyət tətbiq etməyə əsas vermir”.
Fərid Şahbazlının sözlərinə görə, Milli Məclisin mətbuat xidmətinin əməkdaşları və xidmətin rəhbəri Akif Nəsirovla telefon əlaqəsi yaradaraq məsələyə aydınlıq gətirmək istəyib: “Xidmətin əməkdaşları və Akif müəllimin özü telefonda mənə açıq şəkildə bildirdi ki, yazıda adı keçən SABİQ deputatlar bizdən narazı qalıb, mətbuat xidmətinə şikayət etdiyi üçün Milli Məclisin üç iclasında iştirak edə bilmərik.
Anlamıram, birincisi keçmiş deputatlarla Milli Məclisin nə əlaqəsi var?
Hətta varsa belə, Milli Məclisin mətbuat xidməti sabiq və ya indiki deputatların “qoruyucu mələyidirmi”?
Digər yandan, hansı qanunda və ya təlimatda yazılıb ki, Milli Məclisə akkreditasiya olmaq deputatlardan hətta informasiya belə yazmağa qadağa qoyur?
Məgər MM-in mətbuat xidməti qərarları hansısa adamların zəngləri əsasındamı verir?
Bu suallar açıq qalır. Baxmayaraq ki, bizi yalnız 3 iclaslıq “cəzalandırıblar”, ancaq biz bunu özümüzə qarşı hörmətsizlik hesab edirik. Əgər Milli Məclisin mətbuat xidməti bizim dediklərimi təkzib edirsə, o zaman zəhmət çəkib bizim parlamentin 3 iclasına buraxılmamağımız haqqında qərarlarına rəsmi izahat versinlər. Ölkə başçısı cənab İlham Əliyev mətbuatla əlaqələri bu qədər yüksək səviyyədə qurduğu bir məqamda, MM-in Mətbuat Xidmətinin bu addımını anlamaq çətindir. Hər halda hüquqlarımızın müdafiəsi üçün bütün addımları atacağıq. İlkin mərhələdə Milli Məclisin spikerinə, həmçinin deputatlara, Mətbuat Şurasına, Parlament Jurnalistləri Birliyinə müraciət edəcəyik”.