Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyinə və ölkənin son illərdə əldə etdiyi siyasi və iqtisadi nəticələrə toxunub.
"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”.
Prezidentin fikirləri Azərbaycanın beynəlxalq nüfuzunun artmasına təsir edən amilləri, ölkənin siyasi və iqtisadi imkanlarını, eləcə də beynəlxalq münasibətlər sistemindəki mövqeyini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin
(BMTMM) şöbə müdiri Mətin Məmmədli bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən bir sıra amillər var:
"Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən bir sıra amillər var. Mənim fikrimcə, bunlardan biri, ilk növbədə, ölkəmizin İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük qələbədir. Azərbaycan postsovet məkanında özünün ərazi münaqişəsini uğurla həll edə bilmiş yeganə ölkədir. Torpaqlarımız işğaldan azad olunub və suverenliyimiz bütün ərazilərimiz üzərində bərqərar olub. Düşünürəm ki, bu amil son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artmasında çox böyük rol oynayıb. Azərbaycan 2020-ci ilə qədər torpaqları işğal olunmuş, əraziləri itirilmiş bir ölkə hesab edilirdisə, 2020-ci ildən sonra ölkənin geosiyasi statusu dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü uğurla təmin etmiş bir dövlətdir. Bu amil regionda yeni geosiyasi reallıqlar yaradıb və ölkəmizin beynəlxalq nüfuzunun artmasına ciddi təsir göstərib”.

Politoloq Azərbaycanın fəal xarici siyasət və diplomatiya həyata keçirməsinin də ölkənin beynəlxalq mövqeyinə təsir edən əsas amillərdən biri olduğunu vurğulayıb:
"İkinci məqam Azərbaycanın olduqca fəal xarici siyasət və diplomatiya aparmasıdır. Ölkəmiz çoxvektorlu və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət çərçivəsində Azərbaycan beynəlxalq platformalarda çalışır ki, yalnız regionda deyil, qlobal problemlərin həllində də bir mərkəzə, platformaya çevrilsin. Azərbaycan müxtəlif qlobal və regional məsələlərin həlli ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib. Ölkəmiz balanslaşdırılmış, çoxvektorlu və fəal xarici siyasət həyata keçirir”.
M.Məmmədlinin sözlərinə görə, Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətlər qurması da ölkənin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır:
"Dünyanın əsas güc mərkəzləri ilə, böyük dövlətlərlə, eyni zamanda digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə və ədalətə əsaslanan münasibətlər qura bilmişik. Bunu hər bir dövlət bacara bilmir. Azərbaycan mürəkkəb regionda yerləşməsinə baxmayaraq, ayrı-ayrı güc mərkəzləri ilə, həm regiona aid, həm də regiondan kənar güc mərkəzləri ilə yüksək səviyyəli, qarşılıqlı hörmətə və bərabər hüquqa əsaslanan münasibətlər sistemi qura bilib. Düşünürəm ki, bu məqam da Azərbaycanın nüfuzunun artmasında çox böyük rol oynayıb”.
Politoloq Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinin sülh və əməkdaşlıq olduğunu da qeyd edib:
"Azərbaycan xarici siyasəti həm də, şübhəsiz, sülh siyasətidir. Bizim xarici siyasətimizin əsas hədəflərindən biri həm yerləşdiyimiz regionda, həm də bütövlükdə dünyada sülhə, anlaşmaya və əməkdaşlığa töhfə verməkdir. Hesab edirəm ki, bu məqam da ölkəmizin beynəlxalq nüfuzunun artmasında böyük rol oynayıb”.
M.Məmmədli Azərbaycanın enerji diplomatiyasının da ölkənin beynəlxalq mövqeyinə təsir edən amillər sırasında olduğunu bildirib:
"Eyni zamanda Azərbaycan enerji ixracatçısı olan ölkələrdəndir. Bu gün ölkəmiz fəal enerji diplomatiyası həyata keçirir. Bir sıra ölkələrin və regionların enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan yaxından iştirak edir. Azərbaycanın malik olduğu enerji resursları yalnız özümüzün enerji təhlükəsizliyimizin deyil, həm də digər ölkələrin və hətta regionların enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynayır. Düşünürəm ki, bizim xarici siyasətimiz, o cümlədən enerji diplomatiyamız ölkəmizin beynəlxalq nüfuzunun artmasında ciddi rol oynayır”.
Politoloq Azərbaycanın yerləşdiyi coğrafiyanın da ölkənin geosiyasi əhəmiyyətini artırdığını diqqətə çatdırıb:
"Azərbaycan olduqca əhəmiyyətli, geosiyasi əhəmiyyəti olan bir regionda yerləşir. Ölkəmizin mühüm geosiyasi mövqeyi var və düşünürəm ki, bu məqam da ölkəmizin nüfuzuna təsir edir. Ancaq onu nəzərə almaq lazımdır ki, ölkənin vacib əhəmiyyətli regionda yerləşməsi hələ onun nüfuzunun artması üçün kifayət deyil. Biz yerləşdiyimiz geosiyasi əhəmiyyətli regionda, belə deyək, geosiyasi üstünlüyümüzdən səmərəli istifadə edirik. Düşünürəm ki, bu məqam da ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir”.
Fəridə Əsədzadə











































