Seçicilərlə görüşlər keçirmək, onların problemlərini dinləmək və aidiyyəti qurumlar qarşısında qaldırmaq deputatların əsas fəaliyyət istiqamətlərindən biridir. Hər gün onlarla vətəndaş müxtəlif məsələlərlə bağlı millət vəkillərinə müraciət edir.
Bəs vətəndaşlar deputatlara ən çox hansı mövzularla bağlı müraciətlər edilir? Deputatların yaddaşında iz qoyan ən maraqlı və qeyri-adi seçici müraciətləri hansılar olub?
Mövzu ilə bağlı AZXEBER.COM deputatlar arasında sorğu keçirilib.
Milli Məclisin deputatı Elman Nəsirov:

"Ayda minimum iki dəfə seçicilərlə görüş keçirirəm. Bu görüşlər zamanı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur və imkanlarımız çərçivəsində onların həllinə kömək etməyə çalışırıq.
Yaddaşıma qalan müraciətlərdən biri gənc bir oğlanla bağlı idi. Mənə yaxınlaşıb xahiş etdi ki, onu hamıdan sonra qəbul edim. Dedi ki, söyləyəcəyi məsələni başqalarının eşitməsini istəmir. Görüşün sonunda onu qəbul etdim. Təkbətək söhbət zamanı bildirdi ki, evlənmək istəyir, amma sevdiyi qız onunla ailə qurmaq istəmir, ailəsi də bu izdivaca razılıq vermir. Səbəbini soruşduqda dedi ki, maddi imkanı zəif olduğu üçün qızın ailəsi onu istəmir. Daha sonra məndən xahiş etdi ki, qızın ailəsinə elçiliyə gedim və onları razı salım. Mən isə ona dedim ki, əgər qızın özü bu evliliyi istəmirsə, mənim müdaxiləmlə qurulan ailənin gələcəyinə nikbin baxmaq çətindir. Belə bir məsuliyyəti üzərimə götürə bilmərəm. Ona tövsiyə etdim ki, ilk növbədə qızın sevgisini və etimadını özü qazansın”.
Milli Məclisin deputatı Arzu Nağıyev

"Mənim üçün seçicilərin ən qeyri-adi müraciəti belə adi seçici müraciətidir. Mən bütün məsələlərə məhz bu prizmadan yanaşıram”.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı:

"Mənə daxil olan bütün müraciətlər yadımda qalır. Çünki onların hər biri ilə məşğul olmaq lazımdır. Neftçala ağır sosial problemləri olan bir rayondur. Burada işsizlik və digər sosial problemlər kifayət qədər çoxdur. Ən çox işə düzəlmə və dərman alınması ilə bağlı müraciətlər daxil olur. Rayonun əsas problemləri isə işıq və qaz təminatı, eləcə də köhnəlmiş işıq dirəkləri ilə bağlıdır”.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli:

"Müraciətlər mənimlə seçicilər arasında və əgər əsaslıdırsa, həmin müraciətləri ünvanladığım qurumlar arasında qalan bir məsələdir. Ən müxtəlif mövzularda müraciətlər olur və bu da təbii qəbul olunmalıdır. İnsanlar da, onların problemləri də müxtəlif olur. İnsan talelərinin vahid resepti olmur. Bu baxımdan, müraciətlərin mövzularını təbii qəbul edirəm və qeyri-adi heç nə görmürəm”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov:

"Seçicilər deputata inanır, onu özlərinin güvən yeri hesab edirlər. Ən çox müraciətlər işlə təminat və maddi yardımla bağlı olur. Diqqət çəkən məsələlərdən biri də ailədaxili problemlərin həllində deputatdan kömək istənilməsidir. Lakin bu müraciətlərin həlli hər zaman mümkün olmur. Çünki belə problemlərin çox ciddi səbəbləri olur. Bəzən xeyir işlərlə bağlı dəstək göstərilməsi də xahiş edilir. Müraciətlər müxtəlifdir və biz çalışırıq ki, onların hər birinin həllinə kömək göstərək”.
Şahanə Ziyad










































