“Qızıl ucuzlaşır, amma dövlət milyardlıq ehtiyatlarını qoruyur” - Ekspert

“Qızıl ucuzlaşır, amma dövlət milyardlıq ehtiyatlarını qoruyur” - Ekspert
İQTİSADİYYAT
15:02 04.02.2026
565
"Uzunmüddətli perspektivdə qızılın qiymətində ciddi ucuzlaşma riski yoxdur və mövcud proqnozlar qiymətlərin artacağını göstərir.”

Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov AZXEBER.COM-a açıqlamasında bildirib.

R.Həsənov qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bankın qızıl üzrə investisiyaları qısa yox, məhz uzunmüddətli strategiyaya əsaslanır:

"Son günlər qızılın qiymətində müşahidə olunan ucuzlaşma Azərbaycanın strateji valyuta ehtiyatlarının real dəyərini hələlik tam əks etdirmir. Çünki həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın qızıl yatırımları uzunmüddətli dövr üçün nəzərdə tutulub. Bir neçə gün ərzində qiymətlərdə müəyyən eniş qeydə alınsa da, ötən il qızılın qiyməti 75 faizdən çox artıb. 2026-cı ilin yanvar ayında isə qızılın qiymətində təxminən 13 faizlik yüksəliş baş verib.”


Ekspertin sözlərinə görə, orta və uzunmüddətli dövrdə qızılın bahalaşması istiqamətində güclü meyillər mövcuddur:

"Qısa müddətli dalğalanmalara baxmayaraq, hazırda qızılın qiymətinin 4 300–4 800 ABŞ dolları aralığında formalaşacağı proqnozlaşdırılır. 2026-cı il ərzində isə orta-uzun müddətli perspektivdə qiymətin 6 000 dollara qədər yüksələcəyi gözlənilir. Bu da Dövlət Neft Fondu və Mərkəzi Bankın qızıl ehtiyatlarına yatırımlarının əlavə dəyər formalaşdıracağı deməkdir.”

R.Həsənov vurğulayıb ki, qısa müddətli qiymət dəyişikliklərinə əsaslanaraq nəticə çıxarmaq düzgün deyil:

"Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bank qızıl investisiyalarını uzunmüddətli strategiya əsasında həyata keçirir. Azərbaycanda qızılın böyük hissəsi 1 400–1 800 ABŞ dolları səviyyəsində alınıb və hazırkı qiymətlərin həmin həddə qayıtması real deyil. Bu baxımdan, edilən investisiyalar artıq ciddi gəlir potensialı formalaşdırıb. Hazırda bu sahədə ciddi risklər müşahidə olunmur və qısa müddətli dalğalanmalar əsasında qiymətləndirmə aparmaq doğru olmaz. Uzunmüddətli dövrdə isə qızılın qiymətinin artacağı gözlənilir.”

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR