“Quran mütləq ərəb dilində oxunmalı deyil”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ilahiyyatçı Elşad Miri söyləyib. O, Milli Məclisin ötən günkü iclasında yas mərasimlərində Qurani-Kərimdən olan ayələrin Azərbaycan dilində oxunmasını məqsədəuyğun hesab edən spiker Oqtay Əsədovun fikrinə münasibətində belə deyib:
“Əvvəlcə onu deyim ki, İslam dinində dünyadan köçən insana yas mərasiminin hazırlanması buyurulmayıb. Dolayısı ilə dində vəfat edən insana yas mərasimində Qurani-Kərimin oxunması da qeyd olunmayıb. Qurani-Kərimin əsas məqsədi odur ki, hər kəs burada yazılanları oxusun və başa düşsün. Quran mütləq ərəb dilində oxunmalı deyil. Allah Tövradı göndərəndə də, Quranı göndərəndə də onu insanların danışdığı dildə göndərmişdi. İbrahim peyğəmbər öz danışdığı dillə Allahla danışıb. Ona görə də mən Qurani-Kərimin insanların öz dilində oxunmasını məqsədəuyğun hesab edirəm. Çünki bundan sonra insanlar Yasin sürəsinin 70-ci ayəsində oxunan duanın ölü üçün yox, dirilər üçün oxunmasını başa düşəcəklər. Belə olan təqdirdə insanlarımız onları aldadan mollaların nə qədər yalançı olduqlarını görəcəklər. Çünki mollaların çoxu ərəb dilində oxuduğu zaman heç kəs onu başa düşmür. Onlar arasında elələri var ki, heç onların özləri də oxuduqlarının hansı mənaya gəldiyini anlamırlar. Bu mənada mən arzu edirəm ki, bu təklif sözdə qalmasın və icra edilsin. Çünki buna bu gün ehtiyac var”.