Ramazan ayında bu şəxslər oruc tutmaya bilər - İlahiyyatçı açıqladı

Ramazan ayında bu şəxslər oruc tutmaya bilər - İlahiyyatçı açıqladı
SOSİAL
17:22 18.02.2026
581
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Bu gün isə oruc tutanlar üçün niyyət axşamıdır. 

Müqəddəs ayın başlanması ilə birlikdə müsəlmanlar üçün oruc ibadəti aktuallaşır.

Bəs İslam qaydalarına görə kimlərə oruc tutmaq vacibdir və hansı hallarda bu ibadətdən azad olmaq mümkündür? 

İlahiyyatçı hacı Eldayaq Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, İslam dininin əsas ibadətlərindən biri olan oruc müəyyən şərtlərə cavab verən hər bir müsəlmana vacib sayılır:

"Həddi-buluğa çatan, ağıl sahibi olan, sağlam və fiziki cəhətdən oruc tutmağa gücü çatan, həmçinin şəri səfərdə olmayan şəxslər üçün oruc vacibdir. 

Şəriət qaydalara görə, təxminən 15 yaşına çatan oğlanlar və 9 yaşına çatan qızlar bu ibadəti yerinə yetirməlidir. Eyni zamanda, insanın şüurlu olması və orucun onun sağlamlığına ciddi zərər verməməsi əsas şərtlərdən hesab olunur”.

İlahiyyatçı qeyd edib ki, bəzi şəxslər üçün oruc tutmaq vacib sayılmır:

"Bəzi şəxslər üçün oruc tutmaq vacib sayılmır. Əgər oruc xəstəliyin ağırlaşmasına və ya sağalmanın gecikməsinə səbəb olarsa, xəstə şəxslər sağaldıqdan sonra qəza orucu tuta bilərlər. Sfərdə olan şəxslər də oruc tutmaya bilərlər. Hamilə və süd verən qadınlar üçün də istisnalar mövcuddur. Əgər oruc ana və ya körpənin sağlamlığına zərər verərsə, bu halda oruc tutulmaya bilər və sonradan qəza edilir, bəzi hallarda isə fidyə verilməsi tələb olunur. 

Heyz və nifas halında olan qadınların bu dövrdə oruc tutması qadağandır, lakin sonradan qəza etmələri vacibdir. Bunların heç bir kəffarəsi yoxdur”.

O deyib ki, fiziki cəhətdən zəif olan yaşlılar da oruc tutmaya bilər:

"Çox yaşlı və fiziki cəhətdən zəif olan, oruc tutmağa gücü çatmayan şəxslər üçün də güzəşt nəzərdə tutulur. Belə şəxslər oruc tutmaya bilər və hər gün üçün fidyə verə bilərlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR