"Rusiya Azərbaycana qarşı gizli şəkildə müharibə elan edib" - Ekspert

"Rusiya Azərbaycana qarşı gizli şəkildə müharibə elan edib" - Ekspert
SİYASƏT
12:40 19.08.2025
390
"Bu hücum ilk dəfə deyil, xatırlayırsınızsa, 7-8 avqust tarixlərində də Rusiya tərəfindən Odessa vilayətində SOCAR-ın neft deposuna dron hücumu təşkil olunmuşdu. Həmin gün 8 avqusta Ağ Evdə Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında birgə imzalanacaq Vaşinqton sənədinin gününə təsadüf etmişdi".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı Rusiyanın Ukrayna ərazisində SOCAR-ın məntəqəsinə hücumu etməsinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, Rusiya çalışıb ki, Vaşinqtonda heç bir razılıq əldə olunmasın:
 

 

"Biz o zaman da qeyd etdik ki, bu hücum təsadüfi deyil, bir mesaj xarakterlidir. Rusiya bununla sanki öz mesajını göndərdi ki, Vaşinqtonda belə bir razılıq əldə olunmayacaq, bizim icazəmiz olmadan razılığın əldə olunmasına imkan verməyəcəyik. Azərbaycan tərəfi öz qətiyyətli mövqəyini bildirdi, nəticədə Birgə Bəyannamə imzalandı, bundan sonra da artıq hücumların davamlı xarakter alacağı gözlənilən idi. Son hücumlar da bunlardan biridir. Hesab edirəm ki, Rusiyanın burada bir sıra məqsədləri var. 

Rusiya SOCAR-ın Ukraynadakı obyektlərini hədəfa almaqla əslində həm Ukraynanın enerji təhlükəsinə zərbə vurmaq niyyətindədir, həm də Bakı ilə Kiyev arasında strateji əməkdaşlığa zərbə vurmaq istəyir. Bu niyyətinə çatacaqmı? Hesab edirəm ki, yox. Çünki 7-8 avqust tarixlərində baş verən hücumdan sonra Azərbaycan tərəfinin dırnaqarası desək ki, tükünü belə tərpənmədi. 

Əvəzində Rəsmi Bakıdan Ukraynaya 2 milyonluq humanitar yardım göndərildiyi açıqlaması verildi. Bu cür hücumların bundan sonra da intensiv xarakter alacağını düşünürəm. Amma ciddi bir nəticə əldə olunmayacaq".
 
Şərhçi qeyd edib ki, Rusiyanın məqsədi bəllidir, ona görə də təəəcüblənmək yerinə, qabaqlayıcı tədbir görmək zəruridir:
 
"Azərbaycan Prezidenti 3-cü Şuşa Qlobal Forumunda ukraynalı jurnalistə demişdi ki, işğalla barışmayın. O cür açıqlamadan sonra dırnaqarası cılızlıq göstərib ölkənin kənardakı neft bazalarını hədəfa almaq doğrudan da bir dövlət üçün başucalığı gətirmir. Amma nə etmək olar? Çünki bir ölkənin faktiki olaraq ərazilərini işğal etməyi qarşısına məqsəd qoyan, bir ölkənin əlində əlac olarsa, müstəqilliyini tamamilə məhv etmək məqsədi güdən bir dövlətdən bundan başqa nəsə gözləmək yersiz, gülünc olardı. Zatən hər şey ortadadır, mahiyyət məlumdur. Ona görə də təəccüblənməyə dəyməz. Sadəcə olaraq, bundan sonraki hücumların qarşısını almaq üçün önləyici, qabaqlayıcı tədbirlər görmək lazımdır".
 
Siyasi ekspert sonda əlavə edib ki, Rusiya Azərbaycana hələ 25 dekabrda AZAL-ın təyyarəsinin vurulması ilə gizli müharibə elan edib:
 
"Rusiya Azərbaycana qarşı gizli şəkildə müharibə elan edib. Bu müharibə prosesi isə ötən ilin 25 dekabrında AZAL-ın vurulması ilə başlayıb. Bundan sonra artıq məsələ tam templə şimal qonşumuz tərəfindən davam etdirilir. Azərbaycanın qətiyyətli mövqeyi qarşısında "şimal ayısı dəliyə dönüb". Proses bu formada davam edərək bu günə gəlib çıxıb. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşilik, iki həmyerlimizin döyülərək qətlə yetirilməsi bu müharibənin gizli formada davam etdiyini göstərdi".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR