Azərbaycanın bütün müxalifətini bir yerə toplayacaq qurumun yaradılması istiqamətində sensasion anlaşma əldə edilib; keçid dövrü başlayır...
Tanınmış kino-dramaturq, Oskar mükafatçısı Rüstəm İbrahimbəyovun ölkənin bütün müxalifətini birləşdirmək üçün təşəbbüslər göstərir. Belə ki, onun təklif etdiyi birlik formatı - Millli Şuraya dair ölkənin 3 ciddi qurumu arasında gedən danışıqlar artıq razılaşdırmalarla yekunlaşmaq üzrədir. Belə ki, EL Hərəkatı, AXCP və Müsavat Partiyasının rəhbərləri arasında gedən danışıqlar irəliləyib və artıq bu qurumun təsis olunması, tərkibinin müəyyən edilməsi, rəhbərliyinin formalaşdırılması ilə əlaqədar anlaşmalar var.
AZXEBER.COM-un mötəbər mənbələrdən əldə etdiyi bilgilərə görə, Milli Şuranın rəhbərinin Rüstəm İbrahimbəyov olması barədə ilkin, lakin prinsipial anlaşmaya varılıb. Hazırda danışıqlar MŞ-nin bu ilki prezident seçkisində vahid namizədinin kim olması istiqamətində davam edir. Hər üç tərəfə kifayət qədər mötəbər instansiyalardan, hətta bəzi qaynaqlara görə, “Milyarderlər İttifaqı”nın bir neçə təsirli üzvlərinin adından təklif və xahiş olunub ki, Milli Şuranın prezident seçkisində vahid namizədi kimi Rüstəm İbrahimbəyovun adı qəbul edilsin. Təklif olunan layihəyə görə, Milli Şura Rüstəm İbrahimbəyovun adının ətrafında bütün müxalif qüvvələri toplayır, seçkiyə girir; ciddi maliyyə və həm də Azərbaycana qonşu olan dövlətin dəstəyi ilə qalib gəlir. Öncədən anlaşmaya görə, iki illik keçid dövrü müəyyənləşdirilir. Rüstəm İbrahimbəyov həmin keçid dövrünün rəhbəri olur- Mili Şura üzvləri hakimiyyətə transfer olunurlar. İki illik çalışmalardan sonra isə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Keçid dövrünün komandası, başda keçici prezident olmaqla, həmin seçkilərin ideal demokratik keçirilməsini təmin edir. Bununla da Azərbaycanda fərqli dönəm başlayır...
Lakin məlumatda qeyd olunmur ki, bu layihənin finalına müxalif düşərgəni təmsil edən AXCP və Müsavat rəhbərləri axıradək etimad göstəriblərmi? Anlaşmaların birinci hissəsi – Milli Şura yaradılması və oraya R. İbrahimbəyovun sədr gətirilməsinin razılaşdırıldığı bilinir; amma MŞ-nin vahid namizədinin R. İbrahimbəyov olacağına dair danışıqların razılıqla bitməsi bardə hələlik son məlumat yoxdur.