SAM-da Avropanın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib
GƏNCLİK
14:30 06.09.2011
1547
Bu gün İspaniya, İtaliya, İslandiya, Estoniya və Ukraynanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri və parlament üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) görüş keçirilib. SAM-dan AZXEBER.COM-a verilən məlumata görə,qonaqlara SAM-ın fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib. Beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin vacibliyi önə çəkilib. Görüşdə Cənubi Qafqaz regionun geosiyasəti, Avropa İttifaqının region ölkələri ilə münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı davam edən danışıqlar prosesində mövcud durum, Yaxın Şərq regionunda qeyri-sabit vəziyyət, beynəlxalq təhlükəsizlik və digər bu kimi əhəmiyyət kəsb edən məsələlər müzakirə mövzusu olub. Öz növbəsində qonaqlar “Avropa İttifaqının Xəzər regionuna baxışı: Yumşaq Güc yoxsa Realpolitik” mövzusunda sentyabrın 7-də Bakıda keçiriləcək konfrans, eyni zamanda həyata keçirəcəkləri layihələrlə bağlı məlumat veriblər. Görüşdə həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.