"Saytımızın ən böyük uğuru... " - Əli Vəliyev ilə müsahibə

"Saytımızın ən böyük uğuru... " - Əli Vəliyev ilə müsahibə
MEDIA
14:24 16.06.2026
220
İnformasiyanın saniyələr içində yayıldığı, xəbərə olan tələbatın gündən-günə artdığı müasir dövrdə media məkanında öz sözünü demək heç də asan deyil. Bu rəqabətli mühitdə qısa zaman ərzində oxucu etimadı qazanaraq öz dəst-xətti ilə seçilən xəbər platformalarından biri də "Manset.az” xəbər portalıdır.

Artıq 5 ildir fəaliyyət göstərən "Manset.az” 10 iyun 2021-ci ildə fəaliyyətə başlayaraq Azərbaycan mediasında öz yerini tutmağı bacarıb. Portal ötən illər ərzində operativliyi, aktual mövzulara yanaşması və peşəkar xəbərləri ilə oxucuların diqqətini qazanıb.

AZXEBER.COM saytın yubileyi münasibətilə onun rəhbəri və baş redaktoru Əli Vəliyevdən müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:
 
-"Manset.az” xəbər portalının yaradılması ideyası necə yarandı? Media sahəsində illərin təcrübəsindən sonra sizi öz xəbər platformanızı qurmağa vadar edən əsas səbəb nə oldu?

-Saytın yaradılması ideyası digər həmtəsisçi yoldaşım Famil Fərhadoğlu ilə mənim birgə qərarım əsasında formalaşdı. Təxminən 2009-cu ildə "Xəbərdar.az” adlı sayt yaratmışdım. Hazırda da həmin domen mövcuddur. O dövrdə həmin domen altında mühüm açıqlamalarım və önəmli şəxslərlə müsahibələrim yayımlanıb. Bundan sonra televiziya fəaliyyətimi dayandıraraq sayt işi ilə məşğul olmaq qərarına gəldim. Çünki müasir dövr innovasiyalar və sosial şəbəkələr dövrüdür. Biz jurnalistik və jurnalistlər məlumatı emal edərək oxucuya təqdim edən şəxslərdir. Bu baxımdan, sayt yaradaraq oxuculara daha operativ, dəqiq və etibarlı məlumat çatdırmaq qərarına gəldik.

- "Manset.az”ın fəaliyyətə başlamasından 5 il ötür. Bu müddətə nəzər saldıqda portalda ən böyük dəyişiklikləri necə qiymətləndirirsiniz? 

- 5 il geriyə baxdıqda, təbii ki, "Manset.az” xəbər portalında çox ciddi dəyişikliklər baş verib. Ən əsas məqam isə odur ki, oxucu auditoriyamız əhəmiyyətli dərəcədə artıb. Çünki 5 il əvvəlki reytinqimizlə bugünkü göstəricilərimiz eyni deyil. Hazırda saytımızın gündəlik giriş sayı təxminən 300-350 min arasında dəyişir.

Sosial şəbəkə hesablarımız da 5 il əvvəlki dövrlə müqayisədə xeyli inkişaf edib. Mənim baş redaktor kimi fəaliyyət göstərdiyim "TikTok” hesabım Cənubi Qafqazda xəbər səhifələri arasında ən seçilən platformadır. 

5 il əvvəl yeni fəaliyyətə başladığımız dövrdə informasiya təqdim edərkən daha ehtiyatlı yanaşırdıq. Bu gün isə daha geniş auditoriyaya sahib, reytinqli, dövlətin və millətin maraqlarına xidmət edən, qanunla qorunan dövlət mənafelərini nəzərə alan bir media qurumu olaraq fəaliyyət göstəririk.

- 5 illik fəaliyyət dövründə "Manset.az” üçün ən yaddaqalan, ən böyük uğur hesab etdiyiniz hadisə hansıdır?

- Saytımızın ən böyük uğuru media seqmentində mövcud olmasıdır. Qurumların "Manset.az” xəbər portalı ilə hesablaşması, digər media portallarının bizim xəbərləri paylaşması uğurumuzdur.

- Ən uğurlu müsahibəyə gəldikdə isə, illər əvvəl Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımdan aldığım müsahibəni qeyd edə bilərəm. Həmin müsahibəni İlham Əliyevin doğum günündə yayımlamışdım. Ona belə bir sual vermişdim: "İlham Əliyevlə ən önəmli anınız nədir?” Binəli Yıldırım açıqlamasında bildirmişdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına böyük dövlətlər icazə vermirmiş. Bununla bağlı Gürcüstana müəyyən təzyiqlər olub. Lakin daha sonra İlham Əliyevin uzaqgörənliyi və uğurlu siyasəti nəticəsində bu layihə reallaşıb və Türkiyəyə də məlumat verilib. İlham Əliyev də son çıxışlarının birində bu məsələni xatırlatdı. Həmin vaxt bu məsələ böyük səs-küy yaratmışdı.

- Əgər bu gün yenidən media quruculuğuna başlasaydınız hansı səhvləri təkrarlamazdınız?

- Düşünürəm ki, sayt olaraq ciddi səhvlərə yol verməmişik. Verdiyimiz informasiyaların doğru və qərəzsiz olmasına görə, böyük səhvlər etməmişik. Atdığımız bütün addımların arxasındayıq.

- Portal olaraq tez-tez dövlət qurumları, nazirlər və komitə rəhbərləri ilə bağlı açıqlamalar yayımlayırsınız. Belə həssas mövzularla işləyərkən hər hansı təzyiq və ya maneələrlə qarşılaşmısınızmı?

- Vaxtaşırı olaraq müəyyən tanınmış şəxslərdən açıqlamalarımız olur. Buna görə müəyyən zamanlarda təzyiqlər də olub. Amma hazırda sayt və qəzet rəhbərlərinə, jurnalistlərə təzyiq etmək asan deyil. Medianın İnkişafı Agentliyi və digər önəmli qurumlar belə məsələlərdə mühüm rol oynayır. Manşet.az saytı və onun baş redaktoru cəsarətlidir. Bundan sonra da belə müsahibələr zamanı təzyiqlərlə üzləşəcəyik, amma onunla mübarizə aparmağı da bacarırıq.

- Uzun illər televiziya sahəsində çalışmısınız. Sizcə, müasir dövrdə televiziya jurnalistikası daha çətindir, yoxsa xəbər portalını idarə etmək? 

- 2008-ci ilin sonundan televiziyada işləməyə başlamışam. Daha sonra müəyyən fasilə verərək yenidən fəaliyyətimi davam etdirmişəm və 2019-cu ilə qədər televiziyada çalışmışam. Hazırda da televiziyalarla əlaqələrimiz var. Lakin öz xəbər portalımız var və daha çox ona vaxt ayırırıq. Sayt işi daha çətindir. Televiziyada daha məhdud sayda xəbər yayımlamaq olur, saytda isə daha çox informasiya təqdim etmək mümkündür. Televiziya daha böyük məfhumdur, sayt isə daha fərqli platformadır. Bu baxımdan saytda yayımladığın önəmli xəbərlərin arxasında durmaq daha çətindir.

- "Manset.az”ın gələcək inkişafı ilə bağlı hansı yenilikləri və layihələri görəcəyik?

- Bu 5 il ərzində jurnalistikanın 3 əsas prinsipinə – dəqiqlik, vicdanlılıq və qərəzsizliyə əməl etmişik. Bütün xəbərlərimizin doğru olduğuna inanırıq. Bundan sonra da səs-küy yaradan, dövlət rəsmilərindən alınan özəl açıqlamalar davam edəcək. Bu, bizim vizyonumuzdur.

Qarşıdakı illərdə sosial media hesablarımızı daha da gücləndirəcəyik. Hazırda da bunun üzərində çalışırıq. TikTok-da bir neçə xəbər önəmli xəbər hesabları var ki, onların arasında AZXEBER.COM və "Manset.az”ın adını çəkmək olar”.

Şahanə Ziyad
 

 

 

 


OXŞAR XƏBƏRLƏR