Səməd Seyidov: AŞPA-da fəaliyyətimiz üçün normal şərait qalmamışdı

Səməd Seyidov: AŞPA-da fəaliyyətimiz üçün normal şərait qalmamışdı
SİYASƏT
17:43 13.07.2026
296
AŞPA 1949-cu il avqustun 10-da yaradılıb və Avropa Şurasının iki əsas nizamnamə orqanından biridir. Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib və bununla da AŞPA-da təmsil olunmağa başlayıb. 

Üzvlük zamanı Azərbaycan insan hüquqlarının müdafiəsi, demokratik institutların inkişafı, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və qanunun aliliyinin gücləndirilməsi istiqamətində öhdəliklər götürüb. 

Sonrakı illərdə Azərbaycan nümayəndə heyəti AŞPA-da müxtəlif komitələrdə fəaliyyət göstərib, ölkənin mövqeyini beynəlxalq platformada müdafiə edib. Xüsusilə Qarabağ münaqişəsi dövründə Azərbaycan nümayəndələri işğal faktı və məcburi köçkünlərin hüquqları ilə bağlı məsələləri Assambleyanın gündəminə çıxarıblar.

Son illərdə Azərbaycan ilə AŞPA arasında münasibətlər gərginləşib. Belə ki, 22 yanvar 2024-cü ildə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib və nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməməsi və səsvermə hüququnu məhdudlaşdırmasından sonra verildi. AŞPA bu addımın səbəblərini müxtəlif bəhanələrlə pərdələməyə çalışsa da, əsas motiv Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi, separatizmin kökünü kəsməsi və suverenliyini təmin etməsi oldu. AŞPA isə mövcud reallığı qəbul etmək istəmədi.

Prezident ilham Əliyev IV Şuşa Qlobal Media Forumunda yenidən bu məsələyə toxunub. O qeyd edib ki,  hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik:

"Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur.

Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar”, - deyə dövlət başçısı qeyd edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan nümayəndə heyətinin normal fəaliyyət göstərməsi üçün Assambleyada zəruri şərait qalmamışdı:

"Cənab Prezident İlham Əliyev bu məsələni kifayət qədər geniş və ətraflı şəkildə izah etdi. Bu gün Avropa Şurası Parlament Assambleyası özünü elə bir çıxılmaz vəziyyətə salıb ki, bunun nə qədər ciddi və mürəkkəb olduğunu indi bəzi məmurlar vasitəsilə başa düşür. 
Heç də təsadüfi deyil ki, Cənab Prezident bildirdi ki, bizim üçün həmin strukturdan çıxmaq hansısa kritik problem yaratmır. Bununla belə, Avropa Şurasının Baş katibi Cənab Prezidentlə bu məsələni müzakirə edərək vəziyyətin gərginləşdirilməməsinə və mövcud vəziyyətin qorunmasını xahiş edib. Bu böhranı yaradan biz olmamışıq. 

Azərbaycan nümayəndə heyəti, mən də nümayəndə heyətinin rəhbəri kimi, öz fəaliyyətimizi dayandırdıq. Çünki Azərbaycan nümayəndə heyətinin normal fəaliyyət göstərməsi üçün zəruri şərait qalmamışdı. Bunun əsas səbəbi Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra ölkəmizə qarşı qərəzli sanksiyaların tətbiq edilməsi idi. Həmin sanksiyalar qeyri-obyektiv, ədalətsiz və qərəzli xarakter daşıyırdı. Biz də buna etiraz əlaməti olaraq Assambleyadakı fəaliyyətimizi dayandırdıq”.

O qeyd edib ki, bu məsələ ilə bağlı Avropa Şurası özü düşünməlidir:

"İndi bu məsələ ilə bağlı Avropa Şurası özü düşünməlidir. Əgər onlar qəbul etdikləri qərarı dəyişdirmək iradəsi göstərsələr və bu addımı atsalar, biz də öz mövqeyimizi yenidən nəzərdən keçirə bilərik. Lakin hazırda Avropa Şurası Parlament Assambleyasında gedən proseslər buna dəlalət etmir. Əksinə, müşahidə olunur ki, qurum daxilində Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi deputatlar vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Onlar təkcə Azərbaycana deyil, Avropa Şurasının özünə və onun təməl dəyərlərinə də zərbə vururlar”.

"Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda bu, tamamilə fərqli bir təşkilat idi. Sonrakı dövrdə isə təəssüf ki, təşkilatın rəhbərliyinə başqa dövlətlərin maraqlarına xidmət edən, insan hüquqları məsələsindən siyasi alət kimi istifadə edən qüvvələr gəldi. Nəticədə Avropa Şurası Parlament Assambleyası tədricən marjinal bir quruma çevrildi və faktiki olaraq öz nüfuzunu itirdi. Belə bir şəraitdə həmin qurumla münasibətlərin əvvəlki qaydada davam etdirilməsinin heç bir mənası yoxdur. Lakin əgər onlar özlərində iradə taparaq bu vəziyyəti dəyişdirsələr, biz də öz mövqeyimizi müəyyən formada yenidən qiymətləndirə bilərik”,-deyə sədr vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR