Şəmkirdə yazarların imza günü keçirildi - FOTOLAR

Şəmkirdə yazarların imza günü keçirildi - FOTOLAR
Bütün Xəbərlər
17:53 17.11.2013
2021

Noyabr ayının 16-sında Şəmkir rayonunda “Zəka” gənclərin intellektual yaradıcılıq mərkəzində bu təşkilatla “Əli və Nino” kitab mağazaları şəbəkəsinin birgə layihəsi çərçivəsində yazar Cəlil Cavanşirin imza günü keçirilib.

Tədbirdə yazarlar Aysel Əlizadə və Sahilə İbrahimova iştirak edib. Görüşdən öncə mərkəzin kitabxana rəhbəri Həsən Həsənov qonaqları “Şəmkir bayraq muzeyi” “Əyləncə parkı” ilə tanış edib. Tədbirdə çıxış edən yazarlar müasir ədəbiyyatla oxucu arasında əlaqənin möhkəmlənməsi üçün bu cür görüşlərin keçirilməsinin çox önəmli təşəbbüs olduğundan məmnunluqlarını bildiriblər.

Yazarlar auditoriyanın suallarını cavablandırmaqla yanaşı, həvəskar gənc şairlərin şeirlərini dinləyib, mərkəzin üzvləri və oxucularla müasir Azərbaycan ədəbiyyatı barədə qızğın müzakirələrdə iştirak ediblər. Görüşdən sonra yazarlar mərkəzin işi ilə yaxından tanış olub və oxucular üçün kitab imzalayıblar.

Tədbirdən sonra mərkəzin rəhbəri Araz Paşayev qonaqları Şəmkir rayonunun tarixi yerləri ilə tanış edib. Yazıçı Cəlil Cavanşir azxeber.com-a bildirib ki, paytaxtan kənarda bu cür tədbirlərin keçirilməsi təqdirə layiqdir:

“Şəmkirdə imza günümün keçirilməsi təşəbbüsü “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlidən gəlib. Təklifi qəbul etsəm də son günə qədər tərəddüd edirdim. Ancaq şəmkirli oxucuların isti münasibəti, kitaba, ədəbiyyata münasibəti məni çox sevindirdi. “Zəka” gənclərin intellektual yaradıcılıq mərkəzinin kitabxanası yeni yaransa da, böyük işlər görüb. “Zəka” gənclərin intellektual yaradıcılıq mərkəzinin layihələri Ədəbiyyat və kitab üçün çox uğurlu bir başlanğıcdır. Qarşıdakı aylarda mərkəz digər gənc yazarların da imza gününü təşkil etməyi planlaşdırır və mən yazıçılarımızı bu gözəl təşəbbüsə dəstək verməyə çağırıram. Mərkəzin bütün əməkdaşlarına, eyni zamanda Nigar Köçərliyə, yazıçı dostlarım Aysel Əlizadə və Sahilə İbrahimovaya çox təşəkkür edirəm.”

OXŞAR XƏBƏRLƏR