Xəbər verdiyimiz kimi, Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, narkotik vasitələrin hazırlanması və istifadəsi ilə bağlı təlimatlar, şəxsi həyatın toxunulmazlığını pozan, təhqir və böhtan xarakterli məlumatlar, insanların həyat və sağlamlığına zərər vurulmasına səbəb ola biləcək, pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid materiallar, eləcə də ictimai təhlükə yarada biləcək yalan məlumatlar yayıldığı hallarda müvafiq internet informasiya resurslarına giriş müvəqqəti məhdudlaşdırıla bilər.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, internet mühitində vətəndaşların hüquq və təhlükəsizliyinin təmin edilməsi dövlətin əsas vəzifələrindən biridir.
Onun sözlərinə görə, rəqəmsal transformasiya informasiya əldə etmək və yaymaq imkanlarını genişləndirsə də, bu sahədə hüquqi və etik prinsiplərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri edib:
"Bu baxımdan Milli Məclisdə ‘İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında’ qanuna təklif olunan dəyişikliklərin müzakirəyə çıxarılmasını müsbət qiymətləndirirəm. İnternet mühitində informasiya azadlığının qorunması ilə yanaşı, vətəndaşların hüquq və təhlükəsizliyinin təmin edilməsi də dövlətin mühüm vəzifələrindən biridir.
Son illər rəqəmsal platformalarda şəxsi həyatın toxunulmazlığının pozulması, təhqir və böhtan xarakterli materialların yayılması, dezinformasiyanın və manipulyativ məzmunun artması ciddi problemə çevrilib. Xüsusilə sosial şəbəkələrdə insanların razılığı olmadan şəxsi məlumatlarının və görüntülərinin paylaşılması, reputasiyaya zərbə vuran kampaniyalar, eləcə də cəmiyyətdə panika yaratmağa yönəlmiş yalan xəbərlər artıq təkcə ayrı-ayrı şəxslər üçün deyil, bütövlükdə dövlətlərin informasiya təhlükəsizliyi üçün risk hesab olunur”.
Müşfiq Ələsgərli qeyd edib ki, zərərli informasiyanın yayılma sürəti əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb:
"Beynəlxalq statistika da bu tendensiyanı təsdiqləyir. ‘Statista’nın məlumatına görə, dünyada sosial media istifadəçilərinin sayı artıq 5,4 milyardı ötüb. Bu isə zərərli informasiyanın əvvəlki dövrlərlə müqayisədə milyonlarla dəfə daha sürətlə yayılmasına şərait yaradır.
Digər tərəfdən, Dünya İqtisadi Forumunun son illər üzrə Qlobal Risklər hesabatlarında dezinformasiya və yanlış məlumatların yayılması yaxın illərin ən ciddi qlobal riskləri sırasında göstərilir.
Məhz buna görə də dünyanın əksər inkişaf etmiş ölkələri rəqəmsal platformalarda qanunsuz məzmunun qarşısının alınması istiqamətində hüquqi mexanizmlər formalaşdırırlar. Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act), Almaniyanın NetzDG qanunu, Fransa, Avstraliya və digər ölkələrin analoji hüquqi mexanizmləri internet məkanında ifadə azadlığını qorumaqla yanaşı, nifrət nitqinin, böhtanın, şəxsi həyatın pozulmasının və ictimai təhlükə yaradan məzmunun məhdudlaşdırılmasını da nəzərdə tutur. Azərbaycanın da rəqəmsal hüquq sistemini beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdirməsi təbii və zəruri prosesdir”.
Media eksperti vurğulayıb ki, qanun layihəsində əsas diqqət internetin bütövlükdə məhdudlaşdırılmasına deyil, yalnız qanunla qadağan edilən məzmunun yerləşdirildiyi internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə hüquqi tədbirlərin tətbiqinə yönəlib.
"Bu yanaşma həm informasiya təhlükəsizliyi, həm də vətəndaş hüquqlarının müdafiəsi baxımından daha balanslı model hesab oluna bilər.
Hesab edirəm ki, bu dəyişikliklər Azərbaycanda rəqəmsal informasiya mühitinin daha təhlükəsiz formalaşmasına, şəxsi həyatın toxunulmazlığının daha etibarlı qorunmasına, böhtan və təhqir xarakterli məzmunun yayılmasının qarşısının alınmasına, eləcə də insanların həyat və sağlamlığına təhlükə yaradan yalan məlumatların təsir imkanlarının azaldılmasına xidmət edəcək”.











































