""Sinovac" peyvəndinin hazırkı qoruyuculuğu 91,25 faizdir" - Nuran Abdullayev

""Sinovac" peyvəndinin hazırkı qoruyuculuğu 91,25 faizdir" - Nuran Abdullayev
SOSİAL
15:13 29.12.2020
1797
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Çinin "Sinovac” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bununla bağlı AZXEBER.COM-a açıqlama verən Nuran Abdullayev bildirib ki, hələ bu ilin aprel ayında ilkin tədqiqatlardan sonra sözügedən peyvəndin digər vaksinlərə nisbətən daha tez istehsal ediləcəyi məlum olub.

Tibb elmləri doktoru bildirib ki, inaktiv viruslara əsaslandığına görə "Sinovac”ın hazırlanması digər peyvəndlərin hazırlanmasından sadədir: 

"Həmçinin bu peyvəndin istehsalının sadə olduğu kimi saxlanması da heç mürəkkəb deyil. Doğrudur, hələ ki, "Sinovac”ın tətbiqinin tam nəticələri elmi ədəbiyyata daxil edilməyib. Amma bunun müsbət nəticələri ilə bağlı bəzi ölkələrdə geniş məlumatlar verilib”. 

N.Abdullayev qeyd edib ki, bu peyvəndlə bağlı Türkiyədə aparılan tədqiqata əsasən, "Sinovac”ın qoruyuculuğunun 91,25 faiz olduğu müəyyənləşib:

"Çox güman "Sinovac” peyvəndinin yekun nəticələri 2021-ci ilin yanvar ayında elmi ədəbiyyata daxil ediləcək. Elmi ədəbiyyata daxil edildikdən sonra insanlar peyvənd haqqında daha geniş məlumatlara yiyələnəcəklər”.

Qeyd edək ki, ötən həftə Çinin "Sinovac” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndinin ilk partiyası Türkiyəyə gətirilib.  Sözügedən peyvənddən koronavirusa qarşı istifadə ediləcək.

Azərbaycanda da aparıcı vaksin istehsalçılarından olan "Sinovac"ın tətbiqi gözlənilir.
OXŞAR XƏBƏRLƏR