Hacıbəy Heydərli
Türkiyədəki seçkilər həm də "sosial medianın siyasətə təsiri nə qədərdir" sualına cavab oldu.
Sosial media seçki öncəsi müxalifətin ən böyük gücünə çevrilmişdi. "Millət ittifaqı"nın anketlərdə öndə olması, sosial media kanallarının keçirdiyi sorğular, sosial şəbəkədə daha çox kütləsi, izləyicisi olan siyasətçilərin və jurnalistlərin müxalifəti dəstəkləməsi cəmiyyətdə elə bir xof yaratmışdı ki, sanki Kılıçdaroğlu seçkini rahat udacaq.
Ancaq 14 mayda hər şey tərsinə oldu və hakim partiya tarixinin ən çox səsini aldı.
Bu gündən müxalifət düşərgəsində və müxaliflərin sosial şəbəkə hesablarında ciddi psixoloji travma yaşanır. Bu həm də onu göstərdi ki, sosial şəbəkələrin siyasətə təsiri artsa da, ümumi nəticələrə təsir etmə mexanizmi azdır. Xalqın səsini almaq üçün meydanlarda, mitinqlərdə olmalısan, seçicinin ayağına getməlisən, sosial şəbəkələrdə sadəcə "like" yığmaq üçündür, siyasətə təsir maksimum ən yaxşı halda 5 faizdir. (Sinan Oğanın səsi qədər)
Necə ki, seçki kampaniyası başlayanda "mitinq keçirməyə pulumuz" yoxdur deyən Sinan Oğanın səsvermədəki sıçrayışı birbaşa sosial mediaya görə oldu. O təkcə bir "youtube" verilişindəki çıxışa görə bir anda populyarlıq qazandı və sevildi.
Eyni zamanda sosial mediada Muharrem İncenin porno videosu iddiası onun namizədliyini geri götürməsi ilə nəticələndi.
İndi isə qardaş ölkə 2-ci tura gedir və düşünürəm ki, müxalifət kampaniyasını dəyişmək fikrində deyil. Muharrem İnceyə təşkil etdikləri kampaniya Sinan Oğana qarşı olacaq və onu Kılıçdaroğlunu dəstəkləməyə məcbur etməyə çalışacaqlar.
Ancaq fakt odur ki, sosial mediadakı kampaniyalar xalqın səsini dəyişə bilmir. Necə ki, "tvitter"də zəlzələyə görə ən çox tənqid olunan Ərdoğan ən çox səsi zəlzələnin episentri olan Kahramanmaraşdan aldı.
Düşünürəm ki, Türkiyə prezidenti Ərdoğan ikinci turda daha böyük faizlə qalib olacaq və bu müxalifətin parçalanmasına səbəb olacaq.
Düşünürəm ki, Türkiyə prezidenti Ərdoğan ikinci turda daha böyük faizlə qalib olacaq və bu müxalifətin parçalanmasına səbəb olacaq.











































