Layihənin müəllifi, həm də klubun koordinatoru Nilufər Elçinqızı bildirib ki, bu gün Azərbaycanda, xüsusən bölgələrdə mütaliə sahəsində böyük boşluqlar və problemlər var. Yeni nəşr olunan kitablar yayılmır, oxunmur, ədəbiyyata yeni gələn simalar tanınmırlar. Məhz buna görə də biz düşündük ki, Sumqayıtda belə bir klubun açılmasına ehtiyac var. Facebook sosial şəbəkəsində apardığımız sorğu da bunu təsdiqlədi ki, belə bir klubun yaranmasına tələbat və zərurət yaranıb. Əməyimizin nəticəsi olaraq “Ədəbiyyat klubu” yaradıldı.
İlk tədbirlərini keçirmək üçün “Ədəbiyyat klubu”na 31 saylı orta məktəbdən dəstək gəlib. Belə ki, məktəb direktoru Xanım müəllimə kluba tədbirləri keçirmək üçün bu təhsil ocağının mədəniyyət zalından istifadə etməyə icazə verib. Həmçinin N.Elçinqızı onu da qeyd edib ki, Sumqayıtda gənclər evinin də açılması onların arzusudur: ”Adətən, Sumqayıt gənclərini passivlikdə qınayırlar. Amma bizim kimi onlarla gənc var, onların da hər birinin həyata keçirmək istədiyi neçə-neçə layihələr, tədbirlər var ki, maddi və texniki resursların, hər hansı bir mərkəzin olmaması üzündən belə tədbirlər ya baş tutmur, ya da ideyalar yarımçıq qalır”.
Qeyd edək ki, “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının bu təşəbbüsünü Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsi də təqdirəlayiq bir fəaliyyət istiqaməti hesab edir və dəstəkləyir. İdarənin rəsmisi Rüstəm Sadıqzadənin sözlərinə görə, belə təşəbbüslərin Sumqayıtda həyata keçirilməsi xoş, arzuolunan haldır və alqışa layiqdir.
Nəzərinizə çatdıraq ki, “Ədəbiyyat klubu”nun ilk qonağı yazıçı Varis Yolçuyev oldu. Onun 3-cü - “Sənə inanıram” kitabının Sumqayıtda ilk təqdimat mərasiminə Bakı və Sumqayıtın ali və orta ixtisas məktəblərinin tələbələri, məktəblilər, KİV nümayəndələri də qatılmışdılar. Görüşü “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının sədri Tofiq Sadıxov açaraq sözü yazıçıya verdi. Varis Yolçuyev bir qədər yaradıcılığl haqda danışdıqdan sonra oxucuların sualalrını cavablandırdı. Bu görüşün baş tutmasında “Ədəbiyyat klubu”nun təşkilat komitəsinin üzvü Elmir Ağayevin böyük əməyi olmuşdur. Bunun nəticəsi olaraq yazıçı ilə görüşə 146 oxucu gəlmişdi.
Ayda bir dəfə keçirilməsi nəzərdə tutulan “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının “Ədəbiyyat” klubunun məqsədi gənclərə mütaliə mədəniyyətini aşılamaq, onları sadəcə oxumağa deyil, həm də oxuduqlarını təhlil etməyə təhrik etmək, yazıçı və şairlərlə oxucuların görüşlərini təşkil etməklə onlar arasında fakir mübadiləsinin aparılmasını təmin etməkdir.