Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında ölkənin rəqəmsal inkişaf strategiyasının əsas prioritetləri və qarşıdakı illər üçün nəzərdə tutulan islahatlar müzakirə olunub.
İclasda bildirilib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. Müzakirələrdə maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması, innovasiya ekosisteminin inkişafı, startapların və investorların dəstəklənməsi, eləcə də Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsinə xidmət edəcək geniş qanunvericilik islahatları ön plana çıxarılıb.
İqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında deyib ki, süni intellekt və rəqəmsallaşma iqtisadiyyatda məhsuldarlığı artırır, xərcləri azaldır:

"Sözügedən rəqəmsallaşma iqtisadi inkişafın əsas drayverinə çevrilib. Rəqəmsallaşma artıq proqram təminatı, süni intellekt və digər texnoloji məsələlər səviyyəsindən daha geniş məna kəsb edir. Çünki süni intellekt və ümumilikdə rəqəmsallaşma iqtisadiyyatda məhsuldarlığı artırır, xərcləri azaldır və biznesin rəqabət qabiliyyətini yüksəldir. Bu hədəflərin qarşıya qoyulması startapların və texnologiya şirkətlərinin yaranmasına, daha yüksək dəyər yaradan məhsulların sayının artmasına səbəb olur. Süni intellekt isə sözügedən prosesləri daha da sürətləndirir. O, rəqəmsallaşmanın hər istiqamətində özünə yer tuta bilir. Nəticə etibarilə, süni intellekt vasitəsilə sənayedə istehsalın səmərəliliyinin, kənd təsərrüfatında məhsuldarlığın artırılması, maliyyə sektorunda risklərin daha düzgün qiymətləndirilməsi, logistikada vaxtın daha səmərəli idarə olunması mümkündür. Yəni bütün istiqamətlərdə, hətta dövlət xidmətlərində belə, qərarların daha düzgün verilməsi üçün süni intellekt amili olduqca önəmlidir”.
O qeyd edib ki, bu istiqamətdə hüquqi baza formalaşarsa, investisiya mühitinin inkişafı üçün güclü əsas yaranar:
"Bu istiqamətdə hüquqi baza formalaşarsa, investisiya mühitinin və insan kapitalının inkişafı üçün də güclü əsas yaranar. Belə olan halda Azərbaycanın həm ümumi, həm də regional kontekstdə – Cənubi Qafqazda, Şərqlə Qərb arasında yerləşməsi baxımından innovasiya və texnologiya mərkəzinə çevrilməsi imkanı yaranır. Azərbaycan belə bir mərkəzə çevrildikdən sonra isə bu, avtomatik olaraq qeyri-neft sektorunun inkişafına və yüksək texnologiyalı məhsulların ixracının artmasına imkan verər”.
Şahanə Ziyad