TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni islahat sentyabrın 1-dən qüvvəyə minib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında hazırlanan dəyişikliklər 72 mindən çox tibb işçisini əhatə edir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
Bu qərar fonunda tibb işçilərindən sonra hansı peşə sahələrində əməkhaqlarının artırılması gündəmə gələ bilər.
Müəllimlər, hərbçilər, sosial xidmət əməkdaşları, mədəniyyət və digər sahələrdə çalışanların maaşları ilə bağlı yeni addımlar gözlənilirmi?
AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "modern.az”a açıqlama verib.
Deputat ildən-ilə sosial paketin genişləndiyini, əməkhaqlarının artırıldığını, pensiyaların, müavinətlərin və digər sosial ödənişlərin yüksəldiyini bildirib:
"Yüksək bal toplayan həkimlərimiz var. Eyni zamanda, yüksək bal toplayan müəllimlərimiz və digər ixtisas sahələrinin nümayəndələri də var. Hesab edirəm ki, yüksək nəticə göstərən şəxslər üçün əlavə həvəsləndirici mexanizmlər tətbiq olunmalıdır. Əgər biz sertifikasiya və qiymətləndirmə sistemini qəbul etmişiksə, bunu qanunvericilikdə təsbit etmişiksə, onun maliyyə tərəfini də nəzərə almaq lazımdır".
Deputat xüsusilə müəllimlərin əməyinin stimullaşdırılmasının vacib olduğunu, əməkhaqlarının artırılmasından bəhs edərkən hakimlərin maaşlarının artırılmasının tərəfdarı olduğunu söyləyib:
"Düşünürəm ki, digər sahə dövlət qurumlarında çalışan şəxslərin, o cümlədən hakimlərin əməkhaqları ilə bağlı məsələ var. Bu barədə müəyyən müzakirələr və söhbətlər olub. Ona görə də belə bir ehtimalı qeyd etmək olar. Xüsusilə müəllimlərin əməyinin stimullaşdırılması vacibdir. Yüksək nəticə göstərən, peşəkarlığı və göstəriciləri ilə seçilən müəllimlərin əlavə maliyyə mexanizmləri ilə həvəsləndirilməsi həm onların əməyinin qiymətləndirilməsi, həm də təhsilin keyfiyyətinin artırılması baxımından mühüm ola bilər”.
İqtisadçı Akif Nəsirli növbəti mərhələdə müəllimlərin əməkhaqqlarının artırılması məsələsinə diqqət yetirilməsinin tərəfdarı olduğunu bildirib:
"Məncə, növbəti mərhələdə müəllimlərin əməkhaqlarının artırılması məsələsinə xüsusi diqqət yetirilə bilər. Təhsil sistemi birbaşa ölkənin gələcək insan kapitalını formalaşdırır və müəllimin peşəkarlığı, motivasiyası və işə bağlılığı cəmiyyətin inkişafına uzunmüddətli təsir göstərir.
Xüsusilə yüksək nəticə göstərən, regionlarda çalışan, böyük dərs yükü və əlavə məsuliyyət daşıyan müəllimlərin əməkhaqlarının artırılması daha məqsədəuyğun olardı. Maaş artımı yalnız bütün müəllimlər üçün eyni formada deyil, təcrübə, ixtisas, sertifikasiya nəticələri, dərs yükü və fəaliyyət göstəriciləri nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilə bilər.
Çünki həkim insanın sağlamlığını qoruyursa, müəllim cəmiyyətin gələcəyini formalaşdırır. Müəllimə qoyulan sərmayənin nəticəsi isə təkcə bu gün deyil, uzun illər sonra özünü göstərir”.











































