TRİPP layihəsi gündəmdə - “ABŞ olmasaydı…”

TRİPP layihəsi gündəmdə - “ABŞ olmasaydı…”
SİYASƏT
16:47 26.11.2026
89
Ermənistan hökuməti TRIPP layihəsinin icrası üçün yaradılacaq şirkətin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib. Sənədi imzalamaq səlahiyyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə verilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında sazişin mətninin razılaşdırıldığını və sənədin bir həftə ərzində imzalanacağını bildirib.

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, qapalı səhmdar cəmiyyəti kimi yaradılacaq şirkətdə ABŞ-nin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. ABŞ-nin payını ölkənin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) məxsus törəmə şirkət idarə edəcək. Beş nəfərlik direktorlar şurasının üç üzvünü ABŞ, iki üzvünü Ermənistan təyin edəcək.

Sazişdə 16 qrup məsələ üzrə hər iki tərəfin razılığı tələb olunur. İnvestorların seçilməsi, üçüncü tərəflərin layihəyə qoşulması, konsessiya müqavilələrinin şərtləri və şirkətin əsas maliyyə qərarları bu məsələlər sırasındadır. Konsessiya hüququnu vermək səlahiyyəti Ermənistan hökumətində qalacaq.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Ermənistan ərazisindən keçəcək TRIPP dəhlizinin inşası üçün ABŞ və Ermənistan arasında yaradılan yeni səhmdar cəmiyyətində pay bölgüsünün 74-26 faiz olması layihənin maliyyələşdirilməsi və təhlükəsizliyi ilə bağlıdır:

"Belə ki, yolun tikintisi üçün tələb olunan investisiyaların ayrılması və marşrutun təhlükəsizliyinə zəmanət verilməsi ABŞ-ın üzərinə düşür. Ermənistan isə öz ərazisində belə bir inşaatın aparılmasına icazə verən tərəf kimi çıxış edir. Əslində, ABŞ-ın maliyyə dəstəyi olmasaydı, Ermənistanın bu layihəni təkbaşına həyata keçirmək imkanı məhdud olardı. Çünki söhbət yalnız yol tikintisindən deyil, bir neçə nəqliyyat və rabitə qovşağının, enerji və kommunikasiya xətlərinin yaradılmasından gedir. Ermənistanın dövlət büdcəsi isə bu miqyasda infrastrukturun qurulmasını maliyyələşdirmək imkanına malik deyil. Bu baxımdan, tərəflər arasında pay bölgüsündəki fərq layihənin maliyyələşdirilməsi və təhlükəsizlik risklərinin qarşılanması ilə əlaqədardır”.

Politoloqun fikrincə, əsas məqam isə müqavilənin artıq hər iki tərəfdən ratifikasiya olunması, yeni yaradılan şirkətə ABŞ tərəfindən ilkin maliyyə vəsaitinin ayrılması və noyabrın 23-də tikinti işlərinə start verilməsidir:

"Tərəflər arasında pay bölgüsünün və idarəetmə strukturunun hansı formada müəyyənləşdirilməsi bundan sonra o qədər də ciddi müzakirə predmeti olmamalıdır. Əsas məsələ ABŞ və Ermənistanın layihənin həyata keçirilməsi ilə bağlı razılığa gəlməsi və tikinti işlərinin başlamasıdır. Orada görülən işlər həm Azərbaycanı, həm Türkiyəni, həm də bütövlükdə Orta Dəhliz vasitəsilə hərəkət etmək istəyən digər dövlətləri qane edir. Digər regional və qlobal güclərin bu tikinti prosesinə qısqanclıqla yanaşması isə başadüşüləndir. Çünki dünyanın müxtəlif regionlarından keçən strateji marşrutlarla bağlı digər ölkələrin də rəqabətçi mövqe sərgilədiyinin şahidi oluruq”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR