Dünyanın ən məşhur və bahalı istirahət məkanları heç də həmişə turistlərin gözləntilərini doğrultmur. Bəzi səyahətçilər yüksək qiymətlərə baxmayaraq, göstərilən xidmətlərdən və istirahət şəraitindən narazı qalırlar.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, "Reddit” platformasında istifadəçilər səfər etdikləri, lakin gözləntilərini doğrultmayan ölkələr və kurortlar barədə təəssüratlarını bölüşüblər.
Narazılıq doğuran məkanlardan biri Karib dənizində yerləşən və Niderland Krallığının tərkibinə daxil olan Aruba adasıdır. ABŞ və Kanadadan çoxsaylı turist cəlb edən ada bəzi səyahətçilərin gözləntilərini doğrultmayıb.
İstifadəçilərdən biri Arubada istirahətin həddindən artıq baha olduğunu, adanın uzaqda yerləşdiyini və burada daim güclü külək əsdiyini bildirib. Onun fikrincə, Aruba digər Karib adaları ilə müqayisədə turistlərə xüsusi üstünlük təklif etmir.
Digər narazılıq doğuran məkan Monakodur. Turistlərdən biri burada kafe və restoranların əksəriyyətində xidmət səviyyəsinin qiymətlərə uyğun olmadığını qeyd edib. Onun sözlərinə görə, Monako adi turistlərdən daha çox varlı insanlar üçün münasibdir.
Seyşel adaları da yüksək qiymətlərə görə tənqid olunub. Səyahətçilər yerli sakinlərin qonaqpərvərliyini və çimərliklərin gözəlliyini yüksək qiymətləndirsələr də, xidmətlərin olduqca baha olduğunu bildiriblər. Turistlərdən biri oteldən hava limanına cəmi 6 kilometrlik taksi səfərinə 75 dollar ödədiyini açıqlayıb.
Maldiv adaları, Dubay və İsveçrə də bəzi turistlərin gözləntilərini doğrultmayan istiqamətlər sırasında göstərilib.
Lakin narazılıqlar yalnız bahalı istirahət məkanları ilə məhdudlaşmayıb. Daha münasib qiymətli turizm istiqamətləri də tənqid edilib.
Məsələn, Misirə sərfəli turpaketlə səyahət edən turistlərdən biri Şarm-əl-Şeyxdə istirahət etdikdən sonra Qahirəyə səfərindən narazı qaldığını bildirib. Onun sözlərinə görə, paytaxt çirkli və xaotik təsir bağışlayıb, tarixi abidələrə lazımi qayğı göstərilməyib, küçələrdə isə israrlı satıcılar turistləri narahat ediblər.
Xorvatiyanın Dubrovnik şəhəri də tənqid olunan məkanlar arasındadır. Səyahətçilərdən biri şəhərin mənzərəli olduğunu etiraf etsə də, həddindən artıq turist sıxlığından şikayətlənib. Onun fikrincə, Dubrovnik zəngin tarixi irsə malik qədim şəhərdən daha çox izdihamlı əyləncə parkını xatırladır.
Bununla belə, müzakirələrdə səsləndirilən fikirlər ayrı-ayrı turistlərin şəxsi təcrübələrinə əsaslanır və həmin ölkələrdəki istirahətin ümumi keyfiyyətini əks etdirmir.











































