Türk Hava Yollarının 99 avroluq bilet kampaniyası yalan çıxdı
Bütün Xəbərlər
12:24 19.10.2012
2803
Noyabrın 1- 20-si müddətində satılmalı olan biletlər artıq qurtarıb Bir müddət əvvəl Türk Hava Yolları İstanbuldan Qafqaz, Balkan respublikaları və Ukraynaya gediş-dönüş biletlərini bu il noyabrın 1-dən gələn ilə fevralın 14-dək 99 avrodan təklif etdiyi haqda xəbərlər yayıb.Məlumatda qeyd edilirdi ki, Türk Hava Yolları İstanbuldan Bakı, Naxçıvan, Gəncə, Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk, Lvov, Simferopol, Sofiya, Belqrad, Zaqreb, Tirana, Üsküp, Priştina, Sarayevo, Tbilisi, Batumi marşrutları üzrə təyyarə biletlərinə böyük endirim edib. Açıqlamada xüsusilə vurğulanırdı ki, kampaniyadan yararlanmaq istəyənlər 01-20 noyabr tarixlərində Türk Hava Yollarının yerli bürolarındakı satış mərkəzlərindən bilet ala bilərlər. Bu gün oktyabrın 19-dur. Redaksiyamıza daxil olan informasiyada isə bu kampaniya haqqında deyilənlərin reallıqla üst-üstə düşmədiyi və əsas məqsədin, sadəcə, şirkətin imicini artırmaqdan ibarət olduğu bildirilirdi. Daha doğrusu, tariflərdəki endirimin formal xarakter daşıdığı vurğulanırdı. Təxminən on beş gün bundan əvvəl Türk Hava Yolları ilə əlaqə saxlayaraq bu haqda məlumat almağa çalışdıq. Ancaq o zaman özünü şirkətin təmsilçisi kimi qələmə verən şəxs bildirdi ki, toplantıda olduğu səbəbindən bu haqda, ümumiyyətlə, danışmaq imkanında deyil. Bizimlə əlaqə yaradacağını bildirən həmin şəxs sonradan hər hansı bir əlaqə saxlamadı. Əvəzində məsləhət gördü ki, Türk Hava Yollarının veb saytından məlumat alaq. Bizə isə etibarlı mənbələrdən məlumat daxil olmuşdu ki, kampaniyaya start verməzdən əvvəl 99 avroya satışa çıxarılacaq biletlərin satışı artıq başa çatıb. Ümumiyyətlə, maraqlanan vətəndaşlara da bildirilir ki, bilet yoxdur. Bu, əslində biabırçılıqdır. Kampaniya başlamazdan öncə biletlərin satılıb qurtarması halına ilk dəfədir rast gəlinir və bu da müəyyən şübhələrə yol açır. Çünki söhbət ciddi bir şirkətin həyata keçirəcəyini elan etdiyi kampaniyadan gedir. Xüsusilə, əgər bu kampaniya noyabrın birindən başlayırsa... Apardığımız araşdırmalar nəticəsində də yalançı kampaniyanın bəzi detalları üzə çıxıb. Sən demə, doğrudan da, burada söhbət gerçək kampaniyadan deyil, formal kampaniya və imic qazanmaqdan gedirmiş. Belə ki, Türk Hava Yollarının planlarına görə, bir gün ərzində yalnız 7 vətəndaşa 99 avroluq bilet satılmalı imiş. Ən yaxşı halda isə 8 nəfər bu qiymətə bilet əldə edə bilər. Buradan belə çıxır ki, Türk Hava Yolları kampaniyaya rəsmi start verməzdən əvvəl biletləri satıb başa çatdırıb. Bir daha qeyd edək, rəsmi açıqlamada vətəndaşların nəzərinə çatdırılıb ki, biletləri noyabrın 1-dən 20-nə qədər olan müddətdə yerli bürolardan almaq olar.