Türkiyənin "28 Şubat"ı və Azərbaycan: Eyniləşdirənlər üçün tarixi və siyasi fərqlər

Türkiyənin "28 Şubat"ı və Azərbaycan: Eyniləşdirənlər üçün tarixi və siyasi fərqlər
ÖZƏL
13:38 17.10.2026
258
Əfsələddin Ağalarov

Qardaş ölkədə Azərbaycana, hətta azərbaycanlılara qarşı aparılan informasiya çəkişməsində manipulyasiya və məlumatsızlıq çox ciddi rol oynayır.

Son hadisələrlə bağlı şəxsimlə əlaqə saxlayan türkiyəli jurnalistlərin suallarından aydın olur ki, mövzu ilə bağlı onlarda olan məlumatlar kifayət qədər natamamdır.

Türkiyəli həmkarlarımız Azərbaycanda hicabla bağlı məsələni 28 fevral 1997-ci ildə Türkiyədə baş vermiş və ölkənin siyasi tarixində "postmodern çevriliş” (postmodern darbe) adlandırılan hadisələrlə eyniləşdirirlər. 

Bəs həmin illərdə Türkiyədə nə baş vermişdi?

 - Necmettin Erbakanın rəhbərlik etdiyi Rifah Partiyası (Refah Partisi) ilə Doğru Yol Partiyasının koalisiyası hakimiyyətə gəlmişdi.
 - Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) iclasında dünyəvi dövlət quruluşunun qorunması və siyasi islamın təsirinin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilmişdi.
- Ordu və dünyəvi dövlət tərəfdarı institutların hökumətə təzyiqi artmışdı.
 - Nəticədə Necmettin Erbakan istefa vermiş, koalisiya hökuməti dağılmışdı.

Göründüyü kimi, 28 Fevral prosesi ilə Azərbaycanda vahid məktəbli formasının tətbiqi arasında mahiyyət etibarilə heç bir əlaqə yoxdur.

28 Fevral prosesi Türkiyədə dünyəvilik, dinin siyasətdəki rolu, hərbi-siyasi münasibətlər və demokratik iradəyə müdaxilə məsələləri ətrafında uzun illər davam edən müzakirələrə səbəb olub.

İndi isə qayıdaq əsas mövzuya.

Türkiyəli həmkarlarıma anlatmağa çalışdığım da məhz budur: Azərbaycan sekulyar dövlətdir və daxili və xarici siyasətində tam müstəqil kurs həyata keçirir.

Azərbaycanda vahid məktəbli formasının tətbiqində əsas məqsəd təhsilalanların və təhsilverənlərin məktəbə vahid forma ilə gəlməsini təmin etməkdir. Bu qayda məktəb mühiti ilə məhdudlaşır və cəmiyyətin digər sahələrində, gündəlik sosial həyatda eyni formada tətbiq edilmir.

28 Fevral prosesində isə başörtüsü məsələsi universitetlərdən dövlət müəssisələrinə qədər geniş bir sahəni əhatə edən məhdudiyyətlərlə əlaqəli idi. Bu, miqyasına və mahiyyətinə görə Azərbaycanda vahid məktəbli forması ilə bağlı qərardan tamamilə fərqli bir məsələdir.

Onu da qeyd edim ki, məsələyə obyektiv, loyal və praqmatik yanaşan media nümayəndələri bu fərqi normal qarşılayır və mövzunu mahiyyətinə uyğun qiymətləndirirlər.

Təəssüf ki, sosial medianın Türkiyə seqmentində bu məsələ kontekstdən çıxarılır və iki qardaş ölkənin münasibətlərinə qarşı yönəldilən müzakirələrin predmetinə çevrilir.

Ən təhlükəlisi də budur: məlumatsızlıq və manipulyasiya ilə formalaşdırılan ictimai rəyin Azərbaycan və Türkiyə cəmiyyətləri arasında etimadı zədələməsi.

Məhz buna görə də bu məsələdə emosiyalara deyil, faktlara söykənmək və qardaşlığımızı qorumaq hər zamankından daha vacibdir.
OXŞAR XƏBƏRLƏR