Türkmənistanda saxlanılan balıqçılar Azərbaycana qayıtdı
Bütün Xəbərlər
08:08 13.12.2012
1110
Bir müddət əvvəl Xəzər sularında Türkmənistan sərhədçiləri tərəfindən saxlanılan Neftçala rayon sakinləri İsrafil Nağıyev, Kənan Əliyev, Kamran Nağıyev və Nizami Ağacanov bu axşam vətənə qaytarılıb. Bakı dəniz vağzalında balıqçıları onların yaxınları ilə yanaşı ANS TV-nin əməkdaşları da qarşılayıb.Təxminən iki aya yaxın Türkmənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan balıqçıların ölkəyə qaytarılması üçün Azərbaycan höküməti qarşı tərəflə danışıqlar aparırdı. Danışıqların gedişi zamanı saxlanılan şəxslər barəsində həbs qərarı seçilməsinə baxmayaraq, Azərbaycan tərəfinin vətəndaşlarını sona qədər müdafiə etməsi onların azad olunması ilə nəticələndi.“Biz kilkə axtarırdıq. Yaxınlaşdılar və sənədlərimizi tələb etdilər. Öz tərəflərinə apardılar. Rus dilin pis bildiyimizə görə izahat yazdılar biz qol çəkdik” – deyə Saxlanılan gəminin kapitanı İsrafil Nağıyev bildirib.Digər balıqçı Kənan Əliyev isə azadlığa buraxılmaları üçün səy göstərən Azərbaycan dövlətinə təşəkkürünü bildirib.“Sərhədi pozduğumuzu deyirdilər, amma neytral sulardaydıq. 7 il iş verdilər bizə. Sağ olsun prezidentimiz və ordakı konsulumuz. Bizim azad olunmağımız üçün köməklik göstərdilər”.Balıqçılar azad edilsələr də, onların işlədikləri şirkətə məxsus və müsadirə edilən “Uran” gəmisi hələ də Türkmənistan tərəfində saxlanılır.