Vüsalə Mahirqızı Türkiyənin TGRT kanalında Xocalı soyqırımından danışdı

Vüsalə Mahirqızı Türkiyənin TGRT kanalında Xocalı soyqırımından danışdı
Bütün Xəbərlər
20:32 24.02.2012
1419
“APA-Group”-un baş direktoru Vüsalə Mahirqızı Türkiyənin TGRT kanalında yayımlanan “Günün konusu” verilişinin qonağı olub.APA-nın məlumatına görə, Xocalı soyqırımına həsr olunmuş verilişdə V. Mahirqızı soyqırımın 20 ilinin tamam olduğunu qeyd edib, ötən müddət ərzində Xocalı soyqırımının bütün dünyaya tanıdılması istiqamətində Azərbaycan tərəfindən çox ciddi işlər görüldüyünü bildirib: “Bir neçə il əvvəl Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına başlanıb. Bir çox ölkədə Xocalı soyqırımı ilə bağlı sərgilər təşkil olunur. Həmin hadisələrlə bağlı müxtəlif dillərdə kitablar nəşr edilir. Xocalı qətliamının 20-ci ildönümü ərəfəsində isə şok effekti yaradan fotolar ortaya çıxdı. Məlum oldu ki, Xocalı hadisələri baş verən zaman Qafqazda ezamiyyətdə olan fransız fotoqraf baş verən faciəni yaddaşa köçürüb. 20 il heç yerdə yayımlanmayan bu şəkillər Londonda fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti tərəfindən alınıb, Bakıda sərgisi təşkil edildi. Bu sərgilər bir çox ölkədə, o cümlədən Türkiyədə də keçiriləcək. Bu fotolarda qətliamla bağlı hər şey var. Bugünkü Ermənistanın prezidenti Sarkisyan, keçmiş prezident Köçəryan Xocalıda törədilən qətlimda, Qarabağ torpağının ermənilər tərəfindən işğalında birbaşa iştirak edib. Onlar Azərbaycan türklərini qətlə yetirməyi şərəf bilirlər. Ermənilər özləri də Xocalı qətliamını qürur duyaraq təqdim edirlər. Ermənilərin məşhur yazarlarından olan Zori Balayanın Xocalı qətliamını həyata keçirən insanların müsahibələrinin yer aldığı kitablarında çoxlu sayda Azərbaycan türkünün, uşaqlarının qətlə yetirilməsi ilə bağlı sarsıdıcı məqamlar əksini tapıb”. V. Mahirqızı Azərbaycan diasporunun türk diasporu ilə birlikdə dünyanın hər yerində Xocalı soyqırımı ilə bağlı birgə tədbirlər keçirdiyini qeyd edib: “Fevralın 26-da Bakıda , eyni zamanda İstanbulun “Taksim” meydanında Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçiriləcək. Biz dünyaya səslənərək, bildirmək istəyirik ki, bu, təkcə türkün faciəsi deyil, bir insanlıq dramıdır, harada baş verməsindən asılı olmayaraq insanlar milli mənsubiyyətinə görə qətlə yetirilirsə, bu, bir soyqırımıdır, cinayətdir. Bunun dayandırılması lazımdır”. V. Mahirqızı Azərbaycan və Türkiyənin uydurma “erməni soyqırımı” iddialarına qarşı birdə mübarizə aparmasının vacibliyini vurğulayıb: “Fransanın uydurma “erməni soyqırımı”nı dəstəkləməsinə, ermənilərə dəstək olmasına qarşı mübarizədə, eyni zamanda Xocalı həqiqətlərin dünyaya çatdırılmasında təkcə Azərbaycanla Türkiyə deyil, digər türk cümhuriyyətlərinin də bir yerdə olmasına ehtiyac var. İndiki vəziyyət bunu tələb edir. Biz çiyin-çiyinə verəndə güclü oluruq”. O, Fransa Senatında uydurma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarın təkcə Türkiyə deyil, Azərbaycana qarşı qəbul olunan qərar kimi qəbul edildiyini bildirib: “Fransanın bu addımı Azərbaycanda bir həqarət olaraq qəbul edilir”. V. Mahirqızı Azərbaycan diasporunun türk diasporunun da dəstəyi ilə Xocalı soyqırımının dünyada tanıdılması üçün əlindən gələni etdiyini söyləyib: “Bir çox ölkədə indiyə qədər qərarlar, qətnamələr qəbul edilib. Azərbaycan diasporu hər yerdə qeyd edir ki, dünyada yalnız uydurma “erməni soyqırımı” kimi təqdim edilən məsələnin üzərində dayanmaq düzgün yanaşma deyil. Qarşıdan uydurma “erməni soyqırımı” iddialarının yüz illiyi gəlir. Biz ermənilərin daha böyük suçlamaları ilə rastlaşacağıq. Bütün bunlara hazır olmaq, onların qarşısına faktlarla çıxmaq üçün işlər görmək lazımdır. Ermənilərin azərbaycanlılara, türklərə qarşı törətdikləri qətliamlar təkcə Xocalı ilə məhdudlaşmır, həmin proses indi də davam edir. Bu faktları dünyaya çatdırmaq lazımdır”. V. Mahirqızı Azərbaycan diasporunun türk diasporu ilə davamlı olaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməli olduğunu qeyd edib: “Azərbaycan xalq olaraq soyqırımına məruz qalıb, Dağlıq Qarabağda 25 min şəhid verib, 40 minə yaxın insan əlil olub. Təkcə Xocalıda 8 ailə tamam yox olub, 150 nəfərin taleyi hələ də məlum deyil. Hələ də onların yolunu gözləyənlər var. Bu gün bütün bu ağrıları yaşayaraq özümüzə yaxın bildiyimiz türk, müsəlman toplumlarında ən adi bir laqeydlik Azərbaycan xalqını çox incidir. İstanbul küçələrində “Hamımız Hrantıq, hamımız erməniyik” şüarları səslənir. Biz başa düşürük ki, Hrant Dinkin öldürülməsi həm də sözə, Türkiyənin vicdanına atılmış gülləydi. Başa düşürük ki, insanları milliyyətinə görə öldürmək olmaz. Baxmayaraq ki, Azərbaycan türklərini ermənilər məhz türk olduqlarını görə qətlə yetiriblər. Ona görə də Türkiyə küçələrində səslənən bu şüarlara qarşı Azərbaycanda bir etiraz var. İnsanlar deyir ki, bizim ən çox güvəndiyimiz Türkiyədə belə şüarlar necə səslənə bilər? Qarabağ məsələsi xalqımızın ölüm-qalım məsələsidir. Bunu Azərbaycan prezidenti də dəfələrlə bəyanatlarında qeyd edib və bildirib ki, Dağlıq Qarabağa heç bir zaman müstəqillik verilməyəcək. Azərbaycanda iqtidarla müxalifətin mövqelərinin üst-üstə düşdüyü bir neçə məqamdan biri də məhz budur”.
OXŞAR XƏBƏRLƏR