Əfsələddin Ağalarov
Cümhuriyyət tarixinin bəlkə də ən uğursuz siyasi varislərindən biri elə odur.
Fatehin müjdəçisi olan bu möhtəşəm adın daşıyıcısı öz adaşından fərqlənir. Ona baxanda böyük hərflərlə yazmaq olar: UĞURSUZ SİYASİ PERSONA.
***
Fatih Erbakanın ən böyük şansı soyadıdır. Onun adından sonra gələn Erbakan epiteti isə başlı-başına siyasi kapitaldır.
O isə, bu kapitalı tükədib, bitirib.
Erbakan — Türkiyə Cümhuriyyətinin siyasi tarixində mövcud siyasi kursa alternativ yaratmış, konservativ düşüncənin təsirli simalarından birinə çevrilmiş, ağır sənayeləşmə ideyasını siyasi gündəliyin mərkəzinə gətirmiş şəxsiyyət.
Amma bu siyasi babanın oğlu atasının kölgəsindədir. İllərdir hərəkətsiz, manevr imkanları məhdud, öz siyasi çəkisini formalaşdırmaqda çətinlik çəkən siyasətçi təsiri bağışlayır.

«Rifah»ı da sanki keçmiş günlərin xətrinə, minnət borcu kimi ona qaytardılar.
Kapitan kabininə oturdu, gəminin adını «Yeni Rifah» qoydu. Bitti. Vəssalam.
Erkən seçki söhbətləri başlayan kimi «Ey sionistlər!» ritorikası işə düşür. Ancaq bu siyasi coşqunun ömrü çox vaxt bir neçə gün çəkir.
Anlaşılandır. Siyasi İslama düşmən mütləqdir.
Seçicini yenidən bir araya gətirmək, tərəfdarları səfərbər etmək üçün «düşmən» obrazına ehtiyac duyulur. Amma bu düşmən Azərbaycan olmamalı idi.
Fatih Erbakan nizəni Azərbaycana tuşlayıb.
Azərbaycan-Türkiyə qardaşlığının qorunması, regional və meqa layihələrin inkişafı, ortaq maraqların müdafiəsi üçün əməli addımların atıldığı bir vaxtda iki ölkənin münasibətlərinə zərər vura biləcək ritorikaya üstünlük verir. Üstəlik, bu münasibətlərin strateji əhəmiyyətini daşıyan siyasi iradəni və dövlətçilik yanaşmasını hədəfə almaqdan çəkinmir.
Görünür, gözlədiyi siyasi mənzərə yaranmadı.
Türkiyənin siyasi elitasında, o cümlədən Dövlət Baxçelinin təmsil etdiyi praqmatik xəttdə Azərbaycanla qardaşlığın regional və strateji əhəmiyyəti nəzərə alındı. Çünki dövlətlərarası münasibətlər emosiyalardan, şəxsi ambisiyalardan və seçki hesablarından daha böyükdür.
Çünki Türkiyə Azərbaycan qardaşlığı ən ümdə məsələdir.
Dincəlmək lazımdır, Fatih bəy.
Bir az dincəlib Turgenevin möhtəşəm «Atalar və oğullar» romanını vərəqləmək. Bəlkə onda anlayarsınız ki, atanızın sizə miras qoyduğu uca adın altında kölgədə qalmaq nə deməkdir.
İlham Əliyev atasından aldığı adı qələbə ilə taclandırdı. Özü də Türk coğrafiyasında 100 ildə əldə edilə bilməyəcək qədər böyük bir qələbə ilə. Siz isə...
Uduzmusunuz!
Azərbaycan qarşısında da, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın siyasi məsuliyyəti qarşısında da.
Amma ən böyük məğlubiyyətiniz Erbakanın mirası önündədir.










































