XİN: Ermənilərin Zəngilanda yeni şəhər tikmək bəyanatı növbəti təxribatdır

XİN: Ermənilərin Zəngilanda yeni şəhər tikmək bəyanatı növbəti təxribatdır
Bütün Xəbərlər
23:37 11.11.2011
1324

Ermənilər işğal altındakı Zəngilan rayonu ərazisində vaxtı ilə Azərbaycandan Ermənistana köçmüş ermənilər üçün şəhər tikmək niyyətindədirlər. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ermənilər belə bir təkliflə Amerika Erməniləri Assambleyasında keçiriləcək «Azərbaycan və Naxçıvan erməni qaçqınları»nın üçüncü forumunda çıxış etməyə hazırlaşırlar. Forum iştirakçıları beynəlxalq təşkilatlara və xarici ölkələrin səfirlərinə müraciət edərək, Zəngilanda yeni şəhərin salınması məsələsini qaldıracaqlar. Forumda, həmçinin erməni qaçqınların vəziyyətinə dair bəyannamə ATƏT-ə üzv dövlətlərə təqdim olunacaq. Forumun Təşəbbüs Qrupunun üzvü Andres Qukasyan bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda yaşayan 100 min erməni qaçqın düşüb. Zəngilanda ermənilər üçün yeni şəhərin tikintisi Azərbaycandan köçmüş ermənilərin cəlbi və maliyyə yardımları hesabına aparılacaq. A. Qukasyan onu da bildirib ki, İranla sərhəddə yerləşməsi şəhərin imkanlarını daha da artıracaq. Yeni şəhər həm sərbəst ticarət bölgəsi olar, həm də sərhəd və neft emalı sahəsində imkanlar yaranar. Zəngilanda erməni qaçqınlar üçün şəhər salınacağı barədə xəbəri şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev APA-ya bildirib ki, bu informasiya erməni tərəfinin növbəti təxribatıdır: “Bu torpaqlar tarixi Azərbaycan əraziləridir. Azərbaycanın işğal altındakı ərazilərində istənilən tikintinin aparılması qanunsuz və beynəlxalq hüquq normalarına ziddir. Ermənistan bununla öz destruktiv mövqeyini ortaya qoyur və dünya ictimaiyyətinə münaqişənin dinc yola həllində maraqlı olmadığını, mövcud “status-kvo”nun ömrünü uzatmağa çalışdığını nümayiş etdirir”.

OXŞAR XƏBƏRLƏR