Müxtəlif bank və maliyyə qurumlarının "yalnız şəxsiyyət vəsiqəsi ilə kredit”, "sürətli kredit”, "bir neçə dəqiqəyə pul” kimi təqdim etdiyi təkliflərə rast gəlmək mümkündür.
Belə reklamlar kredit əldə etmə prosesinin asan və sürətli olması ilə diqqət çəkir. Xüsusilə əlavə sənədlərin tələb olunmaması və müraciətin qısa müddətdə nəticələnməsi maddi ehtiyacı olan şəxslər üçün cəlbedici görünə bilər.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin fikrincə, kredit əldə etməyin asanlaşdırılması bir tərəfdən vətəndaşın maliyyə xidmətlərinə çıxışını genişləndirsə də, digər tərəfdən düşünülməmiş borclanma riskini də artıra bilər.
"Asan kredit” ifadəsi insanda rahatlıq hissi yarada bilər
Reklamda kreditin yalnız şəxsiyyət vəsiqəsi ilə və qısa müddətdə əldə edilə biləcəyinin vurğulanması istehlakçıda prosesin çox sadə olduğu təəssüratını yarada bilər.
İnsan maddi ehtiyac içində olduqda və pula təcili ehtiyacı yarandıqda qərarını daha emosional qəbul edə bilər. Bu zaman kreditin ümumi geri ödəniş məbləği, faiz dərəcəsi, komissiyalar və gecikmə zamanı yarana biləcək öhdəliklər ikinci plana keçə bilər.
Beləliklə, əsas diqqət "pul nə qədər tez veriləcək?” sualına yönəlir, "bu məbləği nə qədər və hansı şərtlərlə geri qaytaracağam?” sualı isə kölgədə qala bilər. İnsan beyninin maliyyə məsələlərində də qısa yolu sevməsi, təəssüf ki, bank sektorunun kəşfi deyil.
Kreditə çıxışın asanlaşması borclanmanı artıra bilər
Kredit müraciətinin sadələşdirilməsi və sənədləşmə prosesinin minimuma endirilməsi vətəndaş üçün rahatlıq yaradır. Lakin kredit götürmək imkanının asan olması onun qaytarılmasının da asan olduğu anlamına gəlmir.
Xüsusilə gəliri sabit olmayan və ya aylıq xərcləri yüksək olan şəxslər üçün kiçik məbləğli kreditlərin belə uzunmüddətli maliyyə yükünə çevrilməsi mümkündür.
Bir kreditin ödənişini qarşılamaq üçün yeni kredit götürülməsi isə borc yükünün daha da artmasına səbəb ola bilər.
Reklamların psixoloji təsiri necə formalaşır?
"İndi götür, sonra ödə”, "sürətli pul”, "minimum sənədlə kredit” kimi mesajlar istehlakçının diqqətini kreditin əldə edilmə sürətinə yönəldir.
Belə reklamların təsiri xüsusilə gözlənilməz xərc qarşısında qalan və ya təcili pula ehtiyacı olan şəxslərdə daha güclü ola bilər.
İnsan həmin anda kreditin uzunmüddətli nəticəsindən çox, mövcud problemin dərhal həllinə fokuslana bilər. Nəticədə maliyyə qərarı real ödəmə imkanından çox, həmin an yaranmış ehtiyac əsasında verilə bilər.
Əsas məsələ yalnız kreditin verilməsi deyil, şərtlərin başa düşülməsidir
Maliyyə mütəxəssisləri kredit götürmək istəyən şəxslərə yalnız aylıq ödəniş məbləğinə deyil, kreditin tam dəyərinə diqqət yetirməyi tövsiyə edirlər.
Kredit müqaviləsində faiz dərəcəsi ilə yanaşı, komissiyalar, sığorta və digər mümkün ödənişlər, gecikmə zamanı tətbiq olunan şərtlər və ümumi geri ödəniş məbləği də nəzərə alınmalıdır.
Çünki "1000 manat kredit götürdüm” ilə "1000 manat borcum var” eyni şey deyil. Kreditin real maliyyə yükünü müəyyən edən əsas göstərici sonda nə qədər pul qaytarılacağıdır.
Tək şəxsiyyət vəsiqəsi ilə kredit təhlükəlidirmi?
Mütəxəssislərin yanaşmasına görə, kreditin yalnız şəxsiyyət vəsiqəsi ilə təqdim olunması öz-özlüyündə təhlükəli maliyyə məhsulu demək deyil. Burada əsas məsələ kreditin şərtləri, faiz yükü, borcalanın gəliri və ödəniş qabiliyyətidir.
Lakin kredit əldə etmə prosesinin həddindən artıq asan olması istehlakçının borclanma qərarını daha tez verməsinə səbəb ola bilər. Bu səbəbdən vətəndaş kredit götürməzdən əvvəl aylıq gəlir və xərclərini hesablamalı, aylıq ödənişin büdcəsinə uyğun olub-olmadığını müəyyənləşdirməlidir.
Maliyyə savadlılığının artırılması isə belə hallarda istehlakçının daha düzgün qərar verməsinə kömək edə bilər.
Fəridə Əsədzadə











































