Milli Şura ideyası çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır.
AZXEBER.COM hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında adıçəkilən partiyanın icra katibinin müavini Mübariz Qurbanlı deyib.Onun sözlərinə görə, Milli Şura sözünü eşidəndə yadına şura hökuməti düşür:“Bəlkə onlar şura hökumətini bərpa etmək istəyirlər. Bu Milli Şura deyənlərin arxası elə şura hökumətinə bağlıdır. Ona görə də xalqdan heç bir dəstək ala bilməyəcəklər”.YAP rəsmisinin qeyd etdiyinə görə, yadlara əl açıb, yadlara söykənənlər heç vaxt xalqın məhəbbətini qazana bilməz:“Milli Şura haradan çıxdı? Azərbaycan sabit-sakit bir ölkədir, müstəqil bir dövlətdir. Müstəqil bir dövlətdə dövlətçiliyimizin möhkəm olduğu bir vaxtda, hansısa qeyri-qanuni bir qurumun yaradılmasını bəyan etmək, ona hansısa səlahiyyətlər verilməsinə çağırmaq antikonstitutsiondur”.M.Qurbanlı hesab edir ki, bu, mənasız və heç bir məntiqə, qanuna sığmayan və başlanğıcdan beşiyində iflasa uğrayan bir hərəkətdir və heç kim onu dəstəkləməyəcək:“20 ildir ki, Azərbaycan müstəqil bir ölkədir və bu müstəqillik illərində çox böyük təcrübə toplamışıq. Müstəqilliyin ilk illərində müxtəlif qurumlar yaratmaq çağırışlarının da şahidi olmuşuq və bu cür çağırışların da acı nəticələrini görmüşük... Ulu öndərin, Prezident İlham Əliyevin sayəsində Azərbaycan qüdrətli bir ölkəyə çevrilib, Cənubi Qafqazın lideridir.Belə olan şəraitdə qarşıdan gələn seçkilər dövründə hansısa bir qeyri-qanuni bir qurum yaradıb ona hansısa bir status verib, gələcəkdə antikonstitutsion yolla seçkilərdən sonrakı hadisələri dırnaqarası proqnozlaşdırmaq çox gülünc və əhəmiyyətsiz, siyasi mənası olmayan və siyasətə söykənməyən bir addımdır.Ona görə də, nə Rüstəm İbrahimbəyovun, nə də onun dırnaqarası ideyasının Azərbaycanda pərvəriş tapacağını gözləmək lazım deyil”.