Yay aylarında havanın temperaturunun yüksəlməsi qida zəhərlənmələrinin sayını artıran əsas amillərdən biridir. Mütəxəssislərin sözlərinə görə, isti hava bakteriya və digər mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Nəticədə düzgün saxlanılmayan və ya gigiyenik qaydalara uyğun hazırlanmayan qidalar sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər.
AZXEBER.COM xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada təxminən 600 milyon insan qida mənşəli xəstəliklərə yoluxur, 420 min nəfər isə bu səbəbdən həyatını itirir. Xüsusilə yay aylarında temperaturun yüksək olması qida təhlükəsizliyi ilə bağlı riskləri daha da artırır.
Mütəxəssislər bildirirlər ki, bakteriyalar 5–60 dərəcə selsi temperatur aralığında daha sürətlə çoxalır. Bu səbəbdən bişmiş yeməklərin uzun müddət otaq temperaturunda saxlanılması, soyuducu rejiminə əməl edilməməsi və küçədə açıq şəkildə satılan qidaların istehlakı zəhərlənmə riskini artırır.
Ən riskli məhsullar sırasında ilk yerdə toyuq əti və digər quş əti məhsulları gəlir. Düzgün bişirilmədikdə və ya lazımi temperaturda saxlanılmadıqda bu məhsullarda salmonella və kampilobakter kimi təhlükəli bakteriyalar inkişaf edə bilər.
Qiymə, kabab və digər ət yarımfabrikatları da yay aylarında xüsusi diqqət tələb edir. Ətin soyuq zəncir qaydalarına uyğun saxlanılmaması bakteriyaların sürətlə çoxalmasına səbəb ola bilər.
Yumurta və mayonezlə hazırlanan salatlar, xüsusilə pikniklərdə və açıq havada uzun müddət saxlanıldıqda təhlükəli hesab edilir. Süd, qatıq, pendir, qaymaq və digər süd məhsulları da yüksək temperaturun təsiri ilə qısa müddətdə xarab ola bilər.
Balıq və dəniz məhsulları ən tez xarab olan qidalar sırasındadır. Onların düzgün saxlanılmaması həm bakterial, həm də toksik zəhərlənmələrə səbəb ola bilər.
Yay aylarında tez-tez istehlak olunan qarpız və yemiş kimi meyvələr də düzgün saxlanılmadıqda risk yaradır. Xüsusilə əvvəlcədən kəsilərək açıq şəraitdə satılan meyvələrdə mikroorqanizmlər sürətlə çoxala bilər.
Kremli tortlar, şirniyyatlar və küçədə satılan dönər, şaurma, fast-food məhsulları da isti havalarda daha diqqətli seçilməlidir. Bu məhsulların hazırlanması və saxlanması zamanı gigiyena qaydalarının pozulması zəhərlənmə ehtimalını artırır.
Şahanə











































