Professor doktor Belma Doğan Güngen bildirib ki, uzun müddət yüksək temperaturun təsiri altında qalmaq orqanizmdə maye və elektrolit balansının pozulmasına səbəb olur. İsti vurması baş verdikdə isə vəziyyət daha da ağırlaşa bilər.
İsti havada beyin daha çox yüklənir
Orqanizm isti havalarda bədən temperaturunu aşağı salmaq üçün damarları genişləndirir və tərləməni artırır. Bu zaman maye və elektrolit itkisi baş verir. Beyin isə bədən temperaturunu normal səviyyədə saxlamaq üçün daha çox işləməli olur.
Prof. Dr. Güngenin sözlərinə görə, bədən temperaturuna nəzarət itirildikdə sinir hüceyrələri stressə məruz qala bilər. Nəticədə başgicəllənmə, halsızlıq, şüur bulanıqlığı və huşun itirilməsi kimi əlamətlər meydana çıxa bilər.
İsti vurması təcili tibbi müdaxilə tələb edən ciddi vəziyyətdir. Bədən temperaturunun təhlükəli həddə yüksəlməsi beynin fəaliyyətini poza bilər.
Ağır hallarda beyin ödemi, huş itkisi, koma və qalıcı nevroloji zədələnmələr yarana bilər. Buna görə də şüur bulanıqlığı, huşun itirilməsi, çox yüksək temperatur və ya davranış dəyişiklikləri müşahidə edildikdə dərhal tibbi yardım alınmalıdır.
İsti hava diqqət və yaddaşa da təsir edir
Mütəxəssis qeyd edib ki, yüksək temperatur yalnız ağır sağlamlıq problemlərinə səbəb olmur, gündəlik zehni fəaliyyətə də təsir göstərə bilər.
İsti havalarda diqqət, yaddaş və qavrama qabiliyyətində zəifləmə, həmçinin həddindən artıq yorğunluq, narahatlıq, əsəbilik və diqqəti cəmləməkdə çətinlik yarana bilər.
/Demokrat.az











































