Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər təhsilə çıxışın genişləndirilməsi məqsədilə yeni maliyyələşdirmə mexanizmi tətbiq olunacaq.
Yeni qaydalara əsasən, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin göstərdiyi xidmət haqqının 70 faizini maliyyələşdirəcək. Dəstək Bakı şəhərində maksimum 350 manat, regionlarda isə 250 manat həddində nəzərdə tutulur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, bu mexanizmin əsas məqsədi uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsini artırmaqdır.

"Uşaqların məktəbəqədər təhsil alması onların gələcək inkişafına, intellektual və sosial bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Dünyanın bir çox ölkəsində buna bənzər mexanizmlər tətbiq olunur. Məsələn, Türkiyədə və Avropanın bəzi ölkələrində özəl məktəqədər təhsil müəssisələrində təhsil alan uşaqların xərclərinin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır".
Ekspert qeyd edib ki, bu modeldə dövlətin ayırdığı maliyyə vəsaiti birbaşa təhsil müəssisəsinə yönləndirilə bilər.
"Dövlət onsuz da hər bir uşaq üçün müəyyən maliyyə resursu ayırır. Həmin vəsait valideyn vasitəsilə deyil, birbaşa təhsil müəssisəsinə yönləndirilərsə, bu, həm nəzarət, həm də səmərəlilik baxımından daha effektiv ola bilər".
Elçin Süleymanovun sözlərinə görə, yeni mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına da stimul verəcək.
"Bu dəstək valideynlərin maliyyə yükünü azaldacaq. Məsələn, ailə bağçanın ödənişini tam qarşılaya bilmirsə, lakin müəyyən hissəsini ödəmək imkanına malikdirsə, dövlət dəstəyi hesabına övladını məktəbəqədər təhsil müəssisəsinə göndərə bilər".
Ekspert əlavə edib ki, bu istiqamətdə yalnız dövlət deyil, şirkətlər və digər qurumlar da korporativ sosial məsuliyyət və xeyriyyə proqramları vasitəsilə iştirak edə bilərlər.
"Belə yanaşma həm özəl bağçaların inkişafına, həm də uşaqların məktəbəqədər təhsilə cəlb olunmasına imkan yaradır. Nəticədə bu addım ümumilikdə təhsil sisteminin inkişafına mühüm töhfə verə bilər".
Şahanə Ziyad











































