Uşaq bağçalarında qidalanma və qida təhlükəsizliyi ilə bağlı problemlər uzun müddətdir müzakirə olunur. Hazırda da bu sahədə ciddi nöqsanların qaldığı bildirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli açıqlamasında özəl uşaq bağçalarında aparılan yoxlamalar zamanı çoxsaylı pozuntuların aşkar edildiyini bildirib. Onun sözlərinə görə, yoxlanılan özəl bağçaların 80 faizindən çoxunda qida təhlükəsizliyi ilə bağlı nöqsan qeydə alınıb.
Sədr qeyd edib ki, agentliyin nəzarət tədbirləri zamanı yoxlanılan 107 özəl uşaq müəssisəsindən 88-də müxtəlif qanun pozuntuları müəyyən olunub. Aşkarlanan nöqsanlar arasında istifadə müddəti bitmiş ərzaqlardan istifadə, məhsulların saxlanma qaydalarının pozulması, qida saxtakarlığı, həmçinin kərə yağı adı ilə bitki mənşəli yağların uşaqlara təqdim edilməsi halları da olub.
Bundan əlavə, bəzi müəssisələrdə sanitar-gigiyenik və texniki vəziyyətlə bağlı çatışmazlıqlar müəyyən edilib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, uşaq bağçalarında bu istiqamətdə aparılan tədbirlər gecikmiş məsələdir:

"Bu sahədə özəl bağçalarda olan nöqsanların sayı 80 faizdən də çoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi fəaliyyət göstərdiyi dövrdə uşaq bağçaları və bufetlər üçün müəyyən standart qaydalar mövcud idi. Bir sıra məhsulların, o cümlədən enerji içkiləri, qazlı və rəngli içkilərin uşaqlara təqdim olunması ilə bağlı məhdudiyyətlər qoyulmuşdu.
AQTA yaradıldıqda ümid etdik ki, vəziyyət dəyişəcək. Təəssüf ki, qurum fəaliyyətə başladıqdan sonra da uşaq bağçalarında problemlər tam aradan qalxmadı. Bu, çox ciddi məsələdir və nəzarət tədbirlərinə daha əvvəl başlanmalı idi”, - deyə E.Hüseynov bildirib.
Onun sözlərinə görə, əsas problemlərdən biri özəl bağçaların müstəqil fəaliyyət göstərməsidir.
"AİB tərəfindən müxtəlif rayon şöbələri ilə birlikdə bir neçə il əvvəl uşaq bağçalarında monitorinq və maarifləndirmə işləri aparılıb, müəyyən dəyişikliklər də olub. Lakin problemlər hələ də qalır.
Əvvəllər uşaq bağçaları və məktəb bufetləri mərkəzləşdirilmiş şəkildə qida ilə təmin olunurdu. Hazırda isə bu sistem dəyişib və müəssisələr daha sərbəst fəaliyyət göstərirlər. Buna görə də bəzi hallarda bağça rəhbərliyi necə istəyirsə, elə də hərəkət edir”, - deyə o vurğulayıb.
E.Hüseynov bildirib ki, bağçalarda ictimai nəzarətin gücləndirilməsi vacibdir:
"Dövlət bağçalarında da müəyyən problemlər yaşanır. Valideynlər fəal olmalı, valideyn komitələri yaradılmalı və aidiyyəti qurumlar prosesə cəlb edilməlidir. Bağçalar daim nəzarətdə saxlanılmalıdır.
AİB olaraq əvvəlki illərdə bir bağçada monitorinq aparmışdıq. Uşaqlara verilən qidaları yoxladıq və ciddi nöqsanlar aşkar etdik. Nəticədə bağça rəhbərliyi dəyişdirildi və müəssisədə müəyyən islahatlar aparıldı”, - deyə birlik sədri qeyd edib.
Onun sözlərinə görə, ictimai nəzarət olmadığı halda bu cür problemlərin davam etməsi mümkündür.
"Eyni vəziyyət məktəb bufetlərində də müşahidə olunur. Burada da valideynlərin və cəmiyyətin nəzarəti çox vacibdir. Qidalanma və sanitariya normalarının qorunması üçün valideynlərin fəal iştirakı mühüm rol oynayır”, - deyə Eyyub Hüseynov əlavə edib.
Şəhanə Ziyad











































