Özünü 8-ci mərtəbədən atan qızın şok intihar səbəbi

Özünü 8-ci mərtəbədən atan qızın şok intihar səbəbi
Bütün Xəbərlər
13:27 09.04.2013
11062

Bir neçə gün əvvəl paytaxtda intihara cəhd edən qızla bağlı yayılan məlumatlar ziddiyyətlidir. İlkin məlumatlarda 17 yaşlı Fidan Alırzayevanın özünü yaşadığı binanın 8-ci mərtəbəsindən aşağı atdığı, hirslənərək özünü öldürmək istədiyi bildirilsə də sonradan onun pəncərə silərkən yıxıldığı söylənildi. Olay aprelin 3-də olmuşdu.

Əməkdaşımız həmin qızın yaşadığı ünvanda və müalicə olunduğu xəstəxanada olub. F.Alırzayeva Xətai rayonu, Şıxlınski küçəsi, 47-də yaşayır. Öyrənirik ki, o, binanın 8-ci mərtəbəsində yerləşən mənzillərinin pəncərəsindən özünü atıb. Bina sakinləri deyirlər ki, binanın arxa tərəfindəki bağçaya asfalt döşənməyib: “Bura həm də ağaclıqdır. Bəlkə də ona görə qız ölməyib”.

Məktəbli qızın özünü pəncərədən atma səbəbinə gəldikdə isə qonşuları eşitdikləri sözləri bizimlə bölüşdülər. Bunlardan birincisi və daha ciddisi 10-cu sinif şagirdi olan Fidanın məktəbə pul apara bilməməsi səbəbindən özünü atması barədəki xəbərlərdir.

Qonşuların sözlərinə görə, sinifdə pul yığılmasını anasına çatdıran Fidan ondan lazım olan məbləği ala bilməyib: “Ana-bala yaşayırlar, kasıb ailədirlər. Anası da ona məktəbdə tələb olunan pulu verə bilməyib. Uşaq da bir neçə gün pulu məktəbə apara bilməyib və danlanıb. Buna görə də özünü pəncərədən atıb”.

Qonşular sözarası qızın oxuduğu 263 saylı məktəbdən də şikayətləndilər: “Məktəbdə həftə səkkiz, mən doqquz pul yığılır”.

Qonşuların bir neçəsi isə qızın anası ilə onlara məlum olmayan səbəbdən mübahisə etdiyini və nəticədə özünü pəncərədən atdığını söylədi. Faktla bağlı cinayət işinin başlandığı da bildirilir.

Fidangilin evlərində isə heç kim yox idi. Qonşular ananın bütün günü xəstəxanada qızının yanında olduğunu söylədilər. Fidan Sabunçudakı 3 saylı xəstəxanada müalicə alır. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın girişində reanimasiyada yatan xəstəyə baş çəkmək istədiyimizi bilən təcili yardım maşınından düşən həkim deyir ki, bu, mümkün deyil: “Siz qarşı blokdan çıxın üçüncü mərtəbəyə. Orada kiçik pəncərə var, istədiyinizi oradan bildirə bilərsiniz”.

Deyilən yerə çıxırıq. Pəncərəyə yaxınlaşan qadınlar növbəyə duran xəstələrə bir neçə manatlıq “şirinlik” müqabilində reanimasiyada yatan ağır xəstələrlə görüşməyə icazə verirlər. Biz də iki işçinin cibinə pul basıb şöbəyə keçirik. Öyrənirik ki, vəziyyəti yaxşı sayılmayan Fidan hazırda yatıb və bizimlə danışa bilməz.

İşçilərdən biri isə verdiyimiz pulun az olduğunu görüb deyir ki, gərək xəstə ilə görüşmək üçün həkimdən də icazə alaq. Otaqda rastlaşdığımız iki həkim isə xəstə ilə görüşə icazə vermir. Onlar bunu xəstə ilə bağlı istintaqın aparılması ilə əlaqələndirir.

Xəstəxananın həyətində dayanan xəstə yaxınlarının köməyi ilə soraqlaşıb Fidanın qohumlarını da tapırıq. 10 nəfərdən çox qohumu Fidanı görməyə gəlmişdi. Ancaq onlar açıqlama vermək istəmədilər.

Özünü Fidanın xalası kimi təqdim edən qadın dedi ki, heç bir intihardan söhbət gedə bilməz: “Fidan pəncərə silərkən yıxılıb. Onun anası şəkər xəstəsidir, bu xəbər ona pis təsir edir”.

Qohumlarla bir yerdə dayanan ana da danışmaq istəmədi. Bizə yaxınlaşan qohum kişilər isə xəstəxananın həyətindən uzaqlaşmağımızı tələb etdilər.

İntihar faktında adı hallanan 263 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən “Yeni Müsavat”a bildirdilər ki, şagirdin intihar etməsi barədə xəbərlər əsassızdır. Məktəbin direktoru Nəsimi Abbasov bildirdi ki, F.Alırzayeva evlərində pəncərə silərkən yıxılıb: “Deyilənlər uydurmadır, qız intihar etməyib. Fidan pəncərə silərkən yıxılıb. Bizim məktəbdə isə pul yığılmır. Qeybətlərə qulaq asmayın”.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR