Sosial şəbəkələrdə bəzi sərnişinlər tərəfindən 162 saylı marşrut avtobuslarında kondisionerlərin işləmədiyi iddia olunur.
Sərnişinlərin sözlərinə görə, Ramana-Koroğlu istiqamətində hərəkət edən avtobuslar yeniləri ilə əvəzlənsə də, son həftələrdə nəqliyyat vasitələrinin bir hissəsində kondisionerlər fəaliyyət göstərmir.
Şikayətçilər bildirirlər ki, isti havalarda avtobus salonunda havanın ağır olması sərnişinlərin hərəkətini çətinləşdirir. Onların sözlərinə görə, bəzi sürücülər yaranmış vəziyyətə görə avtobusun qapılarını açıq saxlamaq məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı 162 saylı marşrutun istismarçısı olan "Azlənd Plaza” MMC-yə sorğu ünvanladıq.
Şirkətdən AZXEBER.COM-a bildirilib ki, hazırda marşrut üzrə fəaliyyət göstərən avtobuslarda kondisionerlər işlək vəziyyətdədir.
"Sadəcə 1-2 avtobusda kondisionerlə bağlı problem yaşana bilər. Belə hallar olduqda problem qısa müddətdə aradan qaldırılır”, - deyə şirkətdən qeyd edilib.











































