Bu gün, sentyabrın 19-da Qarabağda separatizmə son qoyulması ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərinin başlanmasından üç il ötür.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələrin mövqeləri sıradan çıxarılıb, separatçı rejim fəaliyyətini dayandırıb və Azərbaycanın ərazi üzərində dövlət suverenliyinin tam bərpası üçün şərait yaranıb.
Antiterror tədbirlərindən sonra Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldılıb. Bununla da Qarabağda uzun illər davam edən separatçı idarəçilik faktiki olaraq sona çatıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra dövlət suverenliyinin tam təmin olunması baxımından həlledici mərhələ olub:
"2023-cü il sentyabrın 19-da Qarabağda başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra dövlət suverenliyinin tam təmin olunması baxımından həlledici mərhələ oldu. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad etmişdi. Lakin Qarabağın müəyyən hissəsində qanunsuz silahlı birləşmələrin mövcudluğu və Azərbaycanın konstitusion hüquq və idarəçilik sisteminin tam tətbiq olunmaması ərazi bütövlüyünün faktiki olaraq tam reallaşmasına imkan vermirdi”.
Politoloq qeyd edib ki, ərazi bütövlüyü ilə dövlət suverenliyi arasında fərqə diqqət yetirmək vacibdir:
"Ərazi bütövlüyü dövlətin sərhədlərinin toxunulmazlığını ifadə edirsə, suverenlik həmin ərazidə dövlət hakimiyyətinin tam və müstəsna şəkildə həyata keçirilməsidir. 19–20 sentyabr 2023-cü il hadisələri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Azərbaycan öz ərazisində dövlət hakimiyyətinə alternativ olan qanunsuz hərbi-siyasi strukturun mövcudluğuna son qoydu”.
T.İsmayılovun sözlərinə görə, antiterror tədbirlərinin nəticələri 2020-ci ildə əldə olunan hərbi-siyasi nəticələri tamamladı:
"Antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda qanunsuz silahlı dəstələr tərksilah edildi, separatçı idarəçilik strukturu fəaliyyətini dayandırdı. Bununla da Azərbaycanın konstitusion quruluşunun bütün ölkə ərazisində təmin olunması üçün real şərait yarandı. Yəni 2020-ci ildə əldə edilmiş hərbi-siyasi nəticə 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası ilə tamamlandı”.

Politoloq bildirib ki, antiterror tədbirlərindən sonra Qarabağ məsələsinin mahiyyəti də dəyişib:
"Azərbaycan uzun illər davam edən Qarabağ münaqişəsinin əsas nəticələrindən birini, ölkə ərazisində qanunsuz paralel idarəçilik problemini aradan qaldırdı. Bundan sonra Qarabağ məsələsinin mahiyyəti də dəyişdi. Söhbət artıq Azərbaycanın ərazisinin statusundan deyil, həmin ərazilərdə dövlət idarəçiliyinin qurulmasından, sosial-iqtisadi inkişafdan, təhlükəsizliyin təmin edilməsindən və əhalinin cəmiyyətə reinteqrasiyasından gedirdi”.
T.İsmayılov antiterror tədbirlərinin hərbi nəticələrinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Azərbaycan Ordusu qısa müddət ərzində qarşıya qoyulan əsas məqsədlərə nail oldu. Bu, 2020-ci ildən sonra formalaşmış hərbi reallığın davamı olmaqla yanaşı, Azərbaycanın öz ərazisində təhlükəsizlik məsələlərini həll etmək imkanını da nümayiş etdirdi. Burada söhbət yalnız hərbi gücdən getmir. Dövlətin siyasi iradəsi, institusional imkanları və ərazi üzərində effektiv nəzarəti bir-birini tamamladı”.
Politoloqun sözlərinə görə, 19–20 sentyabr hadisələri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər:
"2020-ci il Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici dönüş yaratdı, 2023-cü il isə bu prosesin suverenlik mərhələsini tamamladı. Birinci mərhələdə işğal faktının əsas hərbi nəticələri aradan qaldırıldı, ikinci mərhələdə isə Azərbaycanın suveren ərazisində dövlət hakimiyyətinə alternativ olan qanunsuz silahlı-siyasi struktur aradan qaldırıldı”.
Fəridə Əsədzadə









































