23:26 Cümə Axşamı, 05 Dekabr 2019
MƏDƏNİYYƏT

90 yaşlı xalq artisti Roza Cəlilova: “Həyat bir dəfə verilir, heç olmasa, uzun olsun...”

11:54, 02.09.20192959
90 yaşlı xalq artisti Roza Cəlilova: “Həyat bir dəfə verilir, heç olmasa, uzun olsun...”

Avqustun tən ortası. Günorta saatları. Günəş adamları kölgəyə qovur. Yəqin elə buna görə də onun yaşadığı binanın həndəvərində dəqiq ünvanı soruşmağa bir adam tapmadım. Çarə evinin eyvanından gözləri yol çəkən ağbirçəyə qaldı. 4-cü mərtəbəyə yetəcək səslə: "Nənə, yəqin bilərsiz, Roza Cəlilova hansı blokda olur” sualını ünvanladım. Nəzakətlə azca aşağı əyilən qadın "Rozıçkanı deyirsizsə, o başdan 3-cü blok, 4-cü mərtəbə” dedi.

Görüş saatını yubatdığımdan pillələri sürətlə qalxıb günahımı yumağa çalışırdım. Qırmızı rəngə boyanmış qapını döydüm. Qarşıma rənglərin ahəngdarlığında səliqə ilə geyinmiş ev sahibəsi çıxıb "Xoş gəlmisiniz. Əslində, özüm bir az gec açdım, sizi cəzalandırmaq istədim” dedi. Sonra da gülə-gülə zarafat etdiyini deyib məni içəri dəvət elədi. Yaşına xas olmayan cəldliklə əsl Azərbaycan xanımına xas qonaq qarşılamaq bacarıqlarını sərgiləyə-sərgiləyə gah bizə çox uzaq olan uşaqlığına – nənəsindən öyrəndiyi deyimlərə, anasının üsulu ilə etdiyi biş-düşünə qayıtdı, gah da müharibənin darmadağın etdiyi atalı illərinin nisgilinə boylandı. Sonra da üzünə qonan ani kədəri təbəssümlə əvəzləyib əsl rəqqas ədasında düz qarşımda dayanıb "Əsas bədən yox e, ay qızım, ürəyi qocaltmaq olmaz” dedi. Ardınca da "İndi söhbət edə bilərik” işarəsini verdi.

Onun geniş təqdimata ehtiyacı yoxdur. Bu il 90 yaşını da bax belə sevinclə, əminliklə yola saldı. Tükənməz həyat eşqi və yaşamaq arzusu ilə Azərbaycan milli rəqs sənətinin canlı əfsanəsi, Xalq artisti Roza Cəlilovanı çoxlarınız tanıyırsınız. Bu əngin sənətdə qoyduğu imza, tutduğu yer bənzərsizdir. Televiziyanın "qızıl fond”unu bəzəyən rəqsləri, dünyanı dolaşan zərif Azərbaycan oyun tərzi, xoreoqrafiya ilə milli elementləri, folklor ilə professional rəqsi birləşdirməsi onu milyonların sevimlisinə çevirib.

"Əsl rəqqasə üçün ürkək gülüş və sona baxışların olması vacibdir” deyən sənətkarla müsahibəmizdə bələdçimiz sənət, məqsədimiz həyat həqiqətlərini öyrənmək oldu.

– Atam mütərəqqi düşüncəli adam idi. İstəyirdi ki, incəsənətə marağımız olsun. Elə də oldu. Bacı və qardaşımı musiqiyə yönəltdi. Nədənsə mənim də balerina olmağımı istəyirdi. Günlərin bir günü atamla balet məktəbinə yollandıq. Məni ilk görən müəllimlər sevinclə "bu qız lap balet üçün doğulub” deyib məktəbə götürdülər. Təsəvvür edin ki, məktəbdəki onlarla qız şagirddən yalnız 2-3 nəfəri azərbaycanlı idi. Beləcə, ağır keçən 1937-ci ildən mən balet məktəbində oxumağa başladım. 7-8 yaşım olardı. Xoreoqrafik elementləri həvəslə mənimsəyirdim. Hər şey o qədər gözəl idi ki. Birdən müharibə başladı və mənim də qayğısız uşaqlığım bitdi. Atam müharibəyə getdi və 1942-ci ildə həlak oldu. Sarsılmadım və atamın arzuladığı məktəbi bitirməyi qarşıma məqsəd qoydum. Müharibədən sonrakı ağır illər və yeniyetmə qızın iki növbədə təhsil alması… Bunlar elə də asan deyildi. Amma mən öhdəsindən gəldim və həm orta, həm də balet məktəbini müvəffəqiyyətlə başa vurdum. Birbaşa Opera və Balet Teatrına yolladılar. Truppaya daxil edib, ən gözəl solo partiyaları mənə həvalə etdilər. Hər şey qaydasında getsə də, milli rəqs sevgim mənə rahatlıq vermirdi. Opera teatrında balet artisti kimi parlaq gələcək zəmanətim, perspektivim olsa da, gözlənilmədən uşaqlıq arzumun arxasınca getdim. Görkəmli rəqqas Əlibaba Abdullayevin "Gərək mütləq Mahnı və Rəqs Ansamblında olasan” fikrini yadıma saldım və oranı seçdim.

Ürəyim rəqsdə qalmışdı axı. Etiraz edənlərə də şərt qoymuşdum ki, ya rəqsi seçəcək, ya da ümumən sənətdən gedəcəkdim. Belə də oldu və məni ansambla qəbul etdilər, ömrümü rəqslə bağladım.

Özfəaliyyətə yenilik, peşəkarlıq gətirən qız, təbii ki, özünü, bacarığını büruzə verməli idi. Elə də oldu. Doğrudur, müəyyən maneələrlə rastlaşdım. Amma sənət sevgim bütün çətinliklərə sinə gərməyimə imkan yaratdı və məni Roza Cəlilova etdi.

– Yaxşı məqama çatdıq. İstedad və peşəkarlıq vəhdət olduqda sevilirsən, yoxsa?…

– Rəqs etmək üçün ürək lazımdı, ürək. Düzdür, təhsilin də rolu böyükdür, ancaq ürəyin olmasa, səhnədə oynaya bilməzsən. Bu baxımdan mən ürəkli idim.  Sənətimi çox sevirdim, səhnədə özümü unudurdum, başqa biri olurdum. Əsl sənətdən söhbət gedəndə maddi məsələlər düşünülməməlidir. Mən də bu yolu tutdum və ona nail oldum. Hərdən səhnədə rəqs edənlərə sual edirəm ki, siz bilirsinizmi rəqs neçə sənətlə bağlıdır? Deyirlər ki, rəqsdir də, musiqi çalınır, oynayırıq. Amma, əslində, rəqs bir neçə sənətlə bağlıdır. Rəqs edərkən ürkək gülüşün, sona baxışların olması vacibdir. Amma indikilər deyir ki, musiqi çalınsın, düşsünlər ortalığa. Sadaladığım həmin amillərin hər birini rəqsdə görmək olar. Rəqqasın, rəqqasənin görünüşü bir rəsm əsəridir. Bəstəkarın yazdığı musiqi üzərində rəqs edilir. Rəqs edən zaman xorda səslənən musiqinin sözləri olur ki, bu, şairlə əlaqəlidir. Rəqqasın hər bir hərəkəti bir heykəl formasını xatırladır. Diqqətlə nəzər yetirdikdə, bunların fərqinə varmaq olur. Bax ən əsası o rəqs-tamaşanı göstərməkdir.

– Müasirlərinizə görə, siz folklorla peşəkar rəqsin sintezini yaratdığınız üçün maraqla qarşılanmısınız…
– Bunun nəyi pisdir ki? Milli rəqs ənənələrinə başqa bir tərz gətirdim və bunu bu gün də qətiyyətlə deyirəm. Otururam və əvvəl etdiyim rəqsləri göz önünə gətirirəm, onlara bu gün peşəkar gözü ilə baxıram, bəzən nöqsan da tapıram. Gör bu sənətə mənim nə qədər diqqətim var ki, əvvəlki rəqslərimi götür-qoy edib deyirəm ki, indi bu hərəkəti başqa cür edərdim. Sənətkar yüz il yaşasa da, öz işində nöqsan tapmalıdır. Yaşa dolduqca sənətkarın özünə qarşı tələbkarlığı daha da artmalıdır. Bu, sənətə olan məhəbbətindən irəli gəlir.

– Rəqsdə sadaladığınız peşəkar elementlərlə yanaşı, hər ifaçıya xas bir detal da olur. Roza Cəlilova necə düşünür?
– Əvvəla, musiqini hiss etməlisən. Bizim gözəl musiqilərimiz var və onların özü ilk notdan səni alıb aparır. Ritm istər-istəməz əllərini havada süzdürür. Vacib olan zəriflik, ifadəlilik və musiqini duymaqdır. Rəqqasə oynaq olmalıdır. Mimika ilə bədən bir-biri ilə danışmalıdır. Ərəb, hind, fars rəqslərini bizim nəsil tamaşaçılar xatırlayır. İndi də bu rəqslər oynanılır. Amma estetika və energetika yoxdur. Çünki estetika dedikdə bədəni silkələmək, müəyyən əzaları nümayiş etdirmək başa düşülür.

– Bir qədər öncə keçmişə boylanıb zamanınızın sənət rəqabətindən danışdınız. Sənətdə rəqabət nə zaman faydalı olur?
– Sənətdə yaxşı rəqabət şərtdi. Əgər istedad və bacarığın varsa. Təsəvvür edin ki, ilk qastrollardan sonra artıq şəxsən mənim üçün rəqs qurulması tələbini irəli sürdüm. Daha Əminə Dilbazi üçün qurulan rəqsləri oynamayacağımı dedim. Bunun nəyi pis idi və ya niyə pis anlaşılmalı idi? Bax ondan sonra mənim üçün rəqslər quruldu. Bilirsiniz niyə? Çünki o artıq öz imzasını qoymuşdu. Nə o mənim, nə də mən onun yerini tuta bilməzdik.

Mənim üçün qurulan rəqsləri də məndən başqa heç kim oynaya bilmədi. Çünki öz sirlərim var idi. Mən baletdən xalq rəqsinə sevərək keçid etmişəm. İstəyirəm ki, indi xalq rəqsinə gələnlər mənim kimi sevib gəlsinlər.

– Rəqqasə üçün, səhnə üçün şuxluq, gənclik, şaqraqlıq şərtdirsə…
– Əsl rəqqasənin istər 90, istərsə də 100 yaşı olsun, əgər sənəti sevib gəlibsə, hər zaman rəqsə həvəsi var. Əgər canda bu varsa, qorxulu deyil, hər yaşda rəqs qurur. Bu yaxınlarda Xoreoqrafiya Akademiyasının tələbələri ilə rəqs qurdum. Mahnı və Rəqs Ansamblı ilə "Humayun rəngi” və "Süleymani” rəqslərini də qurmaq istəyirəm. İnşallah, kollektiv istirahətdən qayıdan kimi bu istiqamətdə çalışacağıq. Eh, sənət arzularım heç vaxt tükənmir. Məhz o iki rəqs qoy məndən yadigar qalsın. Sənətlə xatırlanmaq ən böyük istəyimdir. Zamanında mənim də yoluma daş qoyanlar, ayağımdan çəkənlər olub. Bu gün də unutmuram. Amma kin bəsləmirəm. Kin ürəyi yavaş-yavaş yeyir. Bir də qürur adama çox şeydə mane olur. Təsəvvür edin ki, yaradıcılığımın ən yaxşı, parlayan dövründə ansambldan getdim. Niyə? Çünki bəzi inzibati məsələlər məni seçim etməyə məcbur elədi. Bu gün də böyük Niyazini, Əlibaba müəllimi, Əminə xanımı sevgi ilə xatırlayıram. Əsas odur ki, sənət yaşasın. Özümə və başqalarına qarşı daim tələbkar olmuşam. Hər məşqdə paltarlarımız əynimizdə su olurdu. Baxın yataq otağımdakı divarboyu güzgüyə. Bax o güzgü şahiddir ki, mən hər rəqsi, hər elementi necə yorulmadan məşq edirdim.

– 65 il peşəkar rəqslə məşğul olmusunuz…
– Niyə, elə indi də rəqslə məşğulam. 90 illik yubiley gecəmə uşaq və gənclərlə iki rəqs qurdum.

– Təbii ki, mən ansamblda fəaliyyətinizi nəzərdə tuturam. Maraqlıdır, daha çox rəqs qazanıb, yoxsa siz?
– Əlbəttə, rəqs məni qazandırıb. Mən rəqsi yaşatdım, o məni sevdirdi. Biz birlikdə bir-birimiz üçün çox fədakarlıqlar etdik. Bütün küskünlükləri, maneələri birlikdə adladıq. Bir-birimizə heç vaxt xəyanət eləmədik.

– 90 elə bir yaşdır ki, insan keçmişində dayanmaq istəmir, daha çox irəliyə baxır, bu öz yerində. Bəs, arxaya baxanda nələrə təəssüflənirsiniz?
– Qəliz və maraqlı sualdı. Uzun cavab da verə bilərəm. Amma xoşbəxtəm. 90 yaşda da səhnəyə çıxdım və tamaşaçım məni alqışladı, sevgisini göstərdi. Dövlətim məni dəyərləndirdi. Çox şadam ki, unudulmadığımı mənə isbatladı.

– Belə gümrah qalmağınız gendən gəlir, ya özünəməxsus sirləriniz var?
– (Gülür). İltifat da etsəniz, çox sağ olun. Amma bilirəm, mənim kimi belə uzun yaşamaq və gənc qalmaq hər adama nəsib olmur. Vallah, heç bir xüsusi üsulum yoxdu. Sadəcə, həyatı, insanları sevirəm. Yaşamağı lap çox. Hamımıza uzun və gözəl yaşamağı arzulayıram. Axı həyat hər birimizə bir dəfə verilir. Heç olmasa, uzun olsun…

Mədəniyyət qəzeti

XƏBƏR LENTİ